Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sığorta-pensiya sistemində İKT-nin rolunun daha da artırılmasına zərurət var
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Budəfəki sorğu zamanı respondentlərə “Sizcə, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar hansı istiqamətdə davam etdirilməlidir” sualı ünvanlanıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin çoxu - 49,4 faizi işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağın artırılmasına ehtiyac olduğunu vurğulayıb. Respondentlərin 35,3 faizi hesab edir ki, kadrların peşəkarlıq səviyyəsi yüksəldilməlidir.
Rəy bildirənlərin 15,3 faizi isə sistemdə informasiya kommunikasiya texnologiyalarının rolunun daha da artırılmasına zərurət olduğunu qeyd ediblər: ”Sorğunun nəticələri onu göstərir ki, respondentlərin böyük əksəriyyəti işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac olduğunu bildirib.
Nəzərə çatdırırıq ki, gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, sosial sığorta ödənişlərinin vaxtında həyata keçirilməsi mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun.
Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsidir. Hazırda sənədə uyğun olaraq bu sahədə islahat tədbirləri həyata keçirilməkdədir”.
E.Babayev qeyd edib ki, DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələrini daha da inkişaf etdirmək üçün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir: ”Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir”.
HƏQİQƏT
02/04/12 Çap et