Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kapital Bankın saytında fərdi birdəfəlik ödəmələrlə bağlı xüsusi bölmə yaradılıb
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınıb. Bu proses 2012-ci ilin iyun ayından başlanacaq və 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək.
Fərmana uyğun olaraq, birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank Kapital Bankdır. Fərmana əsasən, fərdi birdəfəlik ödəmə almaq hüququ olan hər bir vətəndaş 31 dekabr 2012-ci il tarixinə qədər müvafiq sənədlərlə banka müraciət edə bilər.
Ödəmələrə dair bir çox məsələlərə aydınlıq gətirməklə əmanətçilərin işini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə Kapital Bankın saytında (www.kapitalbank.az) "Keçmiş Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzi" bölməsi istifadəyə verilib.
Burada bir çox suallara cavab tapmaq mümkündür. Bölmədəki kassaların dislokasiyası cədvəli müraciət edilməli olan bank filiallarını asanlıqla müəyyənləşdirməkdə bələdçi rolunu oynayır.
Bundan başqa, bölmədə birdəfəlik ödəmələrin verilməsinə dair hüquqi sənədlərlə tanış olmaq, eyni zamanda "emanetler@kapitalbank.az" ünvanı vasitəsilə banka elektron məktub ünvanlamaq imkanı yaradılıb.
Qeyd edək ki, saytda yerləşdirilmiş birdəfəlik ödəmə onlayn kalkulyatoru əmanətçilərə ödəniləcək vəsaiti dəqiq hesablamaqda kömək göstərəcək. Həmçinin, bankda vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə yaradılmış (012) 498-84-52 nömrəli "Qaynar xətt" də əmanətçilərə xidmət göstərir.
CAHANGİR
03/04/12 Çap et