“Elektron təhsil” Respublika müsabiqəsinə start verilib
Təhsil Nazirliyi tərəfindən artıq “Elektron təhsil” Respublika müsabiqəsinə start verilib. Aprelin 2-dən başlayan müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Ultra”, “HP”, “Azedunet” MMC və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, müsabiqənin rəsmi internet-səhifəsi
www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləyib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib.
Eyni zamanda, “Elektron təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunan elektron resursların keyfiyyətinin artırılması və rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə müsabiqənin əsasnaməsində bir sıra dəyişikliklər edilib. Belə ki, hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resursun təqdim olunması şərti əsas götürülüb.
Digər şərt müsabiqədə qalib gəlmiş iştirakçıların növbəti 3 ildə müsabiqədə iştirak imkanlarının məhdudlaşdırılmasıdır. Müsabiqə “Təhsildə internet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.
“Təhsildə internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq.
Müsabiqədə regionlarda yerləşən məktəb müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron təhsil” Respublika Müsabiqəsində iştirak edən “Ən fəal region məktəbi” nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb müəyyən ediləcək.
İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla, Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər heyəti aparacaq. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə artıq üçüncü dəfə keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə təqdim olunub.
HƏQİQƏT