Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İtaliyada “Anonymous” haker qrupunun 15 iştirakçısı saxlanılıb
İtalyan gündəlik qəzeti “La Repiblica” yerli polisin şəbəkədə müxtəlif saytlara "DDOS-hücum"lara görə məşhurlaşmış “Anonymous” haker qruplaşmasının ən azı 15 iştirakçısını saxladığını bildirib. Saxlanılanlar arasında 5 nəfər həddi-büluğa çatmadığı üçün polis söhbətdən sonra onları buraxmağa məcbur olub. “La Repiblica” bildirib ki, polislər hakerləri saxlamaqla yanaşı, dəlillər olan 10-dan çox kompyuter və sərt disk götürüb.
Qeyd edək ki, “Anonymous” dünya şöhrətini “Wikileaks” layihəsi və onun yaradıcısı Culian Assanjı ictimai şəkildə dəstəklədikdən sonra əldə edib. Bundan sonra “Anonymous” “Visa”, “Mastercard”, “PayPal”, “Amazon” və digər saytlara hücum ediblər. İtaliyada “Anonymous”, həmçinin italyan parlamentinin, senatın və böyük şirkətlərin İT resurslarına hücumlar edib. Daha əvvəl Türkiyə polisi “Anonymous” qruplaşmasında və haker hücumlarının keçirilməsində iştirakda bilinən 32 şübhəli saxlayıb.
06/07/11 Çap et