Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın hərbi xidmətə çağırış sistemində vahid elektron informasiya sistemi yaradılacaq
Azərbaycanın hərbi xidmətə çağırış sistemində vahid elektron informasiya sistemi yaradılacaq. Bu sistem vasitəsi ilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını və uçotunu aparmaq nəzərdə tutulur.
Artıq çağırış və səfərbərlik sisteminin təkmilləşdirilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bir sıra işlər həyata keçirilməyə başlanıb. Bu ilin iyul ayınadək Nazirlər Kabineti tərəfindən xidmətin vəzifələri, həyata keçirəcəyi tədbirlər də daxil olmaqla fəaliyyətini tənzimləyən bir sıra mühüm sənədlərin qəbulu gözlənilir.
Fevral ayında yaradılmış xidmətin rayon bölmələrinə ilk növbədə Qarabağ müharibəsində iştirak etmiş şəxslərin problemlərinin öyrənilməsi, sənədləşmə prosesinin dəqiq və qərəzsiz aparılmasına dair tapşırıqlar verilib. Bununla yanaşı, hazırda xidmət tərəfindən orta ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin uçotunun dəqiqləşdirilməsinə başlanıb.
Bundan başqa, ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində çağırışa qədərki hərbi hazırlığın təşkili və keçirilməsi, fənn otaqlarının yaradılması və maddi-texniki təchizatı, tədris proqramlarının və dərsliklərin hazırlanması, fənn müəllimlərinin seçilməsi, hazırlığı, ixtisaslarının artırılması və attestasiyası üzrə tədbirlərin həyata keçirilməsi kimi kompleks tədbirlər nəzərdə tutulur.
Üstəlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) bəzi funksiyalarını, xüsusilə də vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanmasını da öz üzərinə götürməyə hazırlaşır. Xidmət tərəfindən ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığının təşkili, habelə yaxın vaxtlarda həkimlər, orta tibb heyəti və texniki personalın toplanışlarının təşkili və onlara təcrübi məşğələlərin keçirilməsi planlaşdırılır.
SEYMUR
03/04/12 Çap et