Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sığorta şirkətindən internet layihə
"Atəşgah" sığorta şirkəti və populyar avtomobil internet portalı "AUTO.AZ" avtomobil sığortası ilə əlaqədar "AVTOSİGORTA.AZ" adlı birgə layihə reallaşdırıb. "İCTnews.az"-a şirkətdən verilən məlumata görə, bundan sonra hər bir internet istifadəçisi "AUTO.AZ" saytının "Sığorta" bölməsinə (http://sigorta.auto.az/) daxil olmaqla icbari avtomobil və "KASKO" sığortası polislərinin dəyərini hesablaya bilər.
Bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru vasitəsilə icbari və avto "KASKO" polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər. Sığorta polisi "Atəşgah" SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.
Qeyd edək ki, "Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-ci ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin reytinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN təşkil edir."Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
RƏVAN
04/04/12 Çap et