Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Su təchizatı üzrə “Coğrafi informasiya sistemi” yaradılır


“Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Coğrafi informasiya sistemi”nin (CİS) yaradılmasına başlayıb.
 “AzərsuCİS” adlanan layihə çərçivəsində lazımi texniki avadanlıqlar alınaraq yeni yaradılan  “Coğrafi informasiya” və “SCADA” sistemləri şöbəsinə mütəxəssislər cəlb edilib.

“İCTnews” elektron xəbər xidmətinə cəmiyyətin mətbuat xidmətindən bildiriblər ki, hazırda lazımi xəritə məlumatlarının və digər informasiyaların yüklənməsi həyata keçirilir. Sistemin idarəolunması üçün təlim-tədris işlərinə də başlanıb.

Bu məqsədlə keçirilən treninqlərdə sistemin yaradılması və idarəolunması ilə bağlı məsələlər ətraflı izah olunur. Gələn həftə layihə çərçivəsində istifadə olunacaq “Bentley Microstation V8i” proqramının da tədrisi həyata keçiriləcək.

“Coğrafi informasiya sistemi”nin yaradılması su təchizatı və kanalizasiya sistemlərinin idarə olunması prosesini asanlaşdıracaq. Burada bütün yeraltı və yerüstü infrastruktur obyektləri barədə məlumatlar yerləşdirilərək sistemin elektron xəritəsi yaradılacaq.

Bu sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatının və kanalizasiya sisteminin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək. Şəbəkələrdə hər hansı qəza halları baş verdikdə bu barədə məlumat sistemdə dərhal qeydiyyata düşəcək. Gələcəkdə abonent bazasının da CİS-ə inteqrasiya edilməsi nəzərdə tutulur. İlkin mərhələdə layihə Bakı şəhərində həyata keçiriləcək, gələcəkdə isə bütün ölkəni əhatə edəcək.
 
 
RƏVAN






05/04/12    Çap et