Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada yenidən nəhəng superkompyuter hazırlanacaq
Yaponiyanın “Fujitsu” şirkəti son zamanlar superkompyuter sahəsindəki fəallığını əhəmiyyətli dərəcədə genişləndirib. Məlumat üçün bildirim ki, şirkətin 2011-ci ildə hazırladığı “K” superkompyuteri dünyanın ən güclü sistemi olub. “GPU-x86CPU” tipli hibrid arxitekturasından istifadə edən superkompyuter istehsalçılarının əksəriyyətindən fərqli olaraq, “Fujitsu” şirkəti hesab edir ki, ən yaxşı superkompyuter hibridi – bu, “SPARC” və “x86” çiplərinin əsasında olan hibriddir. Yeri gəlmişkən qeyd edim ki, “SPARC” prosessorlarını məhz “Fujitsu” şirkəti hazırlayır.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, Yaponiyanın “Fujitsu” şirkəti bir gün əvvəl məlumat verib ki, yerli Küsü Universiteti ilə onun üçün yeni superkompyuter hazırlamasına dair saziş imzalayıb.
Yeni superkompyuterin gücü təxminən 10,5 petaflop/san təşkil edəcək; bu isə “K” superkompyuterinin gücünə müvafiqdir. “K” superkompyuteri Tokio Universitetində yerləşir. Küsü Universitetində, həmçinin superkompyuter var, lakin o, müasir standartlara görə, güclü deyil.
Küsü Universitetindən bildiriblər ki, yeni superkompyuterdə ümumi yaddaşı 24 terabayt olan 768 “SPARC” server işləyəcək.
İnformasiyanın saxlanılması üçün ümumi tutumu 576 terabayt olan 44 “Fujitsu Eternus” massivi istifadə ediləcək. Massivlər “Fujitsu Exabyte File System” (FEFS) fayl sistemi ilə işləyəcək.
EMİL
05/04/12 Çap et