Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompyuter şəbəkələri və proqramlaşdırma laboratoriyası fəaliyyətə başlayıb
Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsində Kompyuter şəbəkələri və proqramlaşdırma laboratoriyasının açılışı olub.
Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli XXI əsrin informasiya texnologiyaları əsri olduğunu, Azərbaycanda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb. Qeyd olunmuşdur ki, elmin, təhsilin tərəqqisi üçün inteqrasiya baxımından ən son texnologiyaların mənimsənilməsi və tətbiqi universitetdə uğurla həyata keçirilir. Burada müxtəlif kompyuter və internet mərkəzləri fəaliyyət göstərir, əksər auditoriyalar elektron lövhələr və proyektorlarla təchiz olunub.
“Wi-Fi” kampus İnternet şəbəkə sistemi universitetin nəinki tədris korpuslarında, bütövlükdə 108 hektarlıq ərazisində sürətli internet bağlantısından istifadə etməyə imkan verir. “Elektron universitet”in yaradılması, tədrisin elektronlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu ali məktəbdə beynəlxalq səviyyəli videokonfransların, videobağlantıların və onlayn dərslərin təşkili ənənəvi hal alıb.
Rektor çıxışında yeni laboratoriyanın müasir informasiya-kommunikasiya texnologiyalarının iş prinsiplərinin, kompyuter arxitekturasının əyani şəkildə öyrənilməsi, ixtisaslı mütəxəssislərin yetişməsindəki rolundan bəhs edib.
Rabitə və İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Cavanşir Zeynalov “İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu” məruzəsində virtual dərslərin, elektron imtahanların keçirilməsi, müasir texnologiyaların tədris prosesinə tətbiqi barədə danışıb.
C.Zeynalov yeni laboratoriyada kompyuter mühəndisliyinin öyrənilməsi məqsədilə kompyuter hissəcikləri və onların iş prinsiplərini əks etdirən stendlər, tələbələr tərəfindən hazırlanmış yeni proqramlar, kompyuter şəbəkələrinin rolu haqqında ətraflı məlumat verib.
Kafedranın müəllimi Hüseyn Qasımov hazırladığı məsafədən idarəetmə qurğusunu nümayiş etdirərək onun iş prinsipini izah etmişdir. Kompyuter vasitəsilə idarə edilən yeni qurğunun sənaye, kənd təsərrüfatı, gündəlik məişətdə tətbiqi səmərəlilik baxımından yüksək qiymətləndirib.
Sonra tələbələr tərəfindən hazırlanmış viktorina proqramının təqdimatı olub. Aparıcı kompyuterlə iştirakçıların kompyuterləri arasında naqilsiz əlaqə, qiymətləndirmənin avtomatlaşdırılmış şəkildə aparılması ayrıca maraq doğurub.
Sonda rektor, akademik İsa Həbibbəyli Kompyuter şəbəkələri və proqramlaşdırma laboratoriyasındakı iş prosesi, tələbələrin hazırladıqları yeni kompyuter proqramları ilə tanış olub.
06/04/12 Çap et