Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT sahəsində faktiki vəziyyətlə bağlı təqdimat keçirilib


Azərbaycan Marketinq Cəmiyyəti (AMC) tərəfindən  "Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirilən araşdırmanın nəticələri açıqlanıb.

Bu məqsədlə "Hilton" mehmanxanasında təşkil olunan tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, o cümlədən, İKT şirkətlərinin nümayəndələri və kütləvi informasiya vasitələrinin mənsubları iştirak ediblər.

Araşdırmanın nəticələrini mərasim iştirakçılarına AMC-nin idarə heyətinin sədri Rəhim Hüseynov təqdim edib.

R.Hüseynov bildirib ki, İKT sektorunun ölkəmizdə aparıcı və prioritet sahə olması, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialı nəzərə alınaraq, sektorda son illər həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsi məqsədi ilə belə bir araşdırma aparılıb. İdarə heyətinin sədri qeyd edib ki, araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində aparılmış, ev təsərrüfatlarının seçimi sistemli, təsadüfi seçim əsasında həyata keçirilib.

"Araşdırmanın nəticələri göstərir ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56,0 faizində ən azı 1 kompyuter var. Bu gün ölkədə hər 100 nəfərə düşən kompyuterlərin orta hesabla sayı isə 22-dir. Hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 68 faizə bərabərdir.

Bu isə Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin say göstəricisinə görə  dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlaması deməkdir. Nəzərinizə çatdırım ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu il üzrə qiymətləndirməsinə əsasən, Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında I yerdə qərarlaşmışdı".
R.Hüseynov bildirib ki, dünyada, o cümlədən Azərbaycanda genişzolaqlı internetə tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan effektiv qiymət siyasətindən, cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.

"Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisə əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial mövcuddur".

Daha sonra tədbirdə Dünya İqtisadi Forumunun 2011-2012-ci il üzrə dünya ölkələrində İKT inkişafı üzrə dərc etdiyi reytinqlər də elan edilib. Məlumat üçün bildirək ki, Azərbaycan bu reytinq cədvəlində əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 142 ölkə siyahısında 61-ci mövqedə qərarlaşıb.  Son 5 ildə MDB məkanında İKT sahəsində vəziyyəti əks etdirən müqayisəli təhlil də tədbirdə nümayiş olunub. 
 
Daha sonra çıxış edən Multimedia mərkəzinin rəhbəri Osman Gündüz əhali arasında aparılan sorğunun eyni zamanda maarifləndirici bir missiya daşıdığını qeyd edərək regionlarda informasiya və kommunikasiya texnologiyaları sahəsində artan inkişafı yüksək qiymətləndirib.

İnternetin bir neçə il əvvəllə müqayisədə yüksələn xətlə inkişaf etməsinin və bu inkişafın paytaxtla yanaşı, regionlarda da özünü göstərməsini önə çəkən O.Gündüz son vaxtlar əhalinin elektron xidmətlərə  böyük maraq göstərdiyni qeyd edib.
Daha sonra keçirilən sorğu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.  
 
 





06/04/12    Çap et