Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda mobil biznes imkanları”


Bakıda ilk dəfə olaraq “Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirilib. “Mobiz.az” mobil biznes portalının təşkilatçılığı ilə “Park inn” mehmanxanasında baş tutan konfransda portalın həmtəsisçisi Məhəmməd Kərimov çıxış edərək tədbirin keçirilməsi məqsədindən danışıb.

O, ölkəmizdə mobil rabitə sahəsinin sürətlə inkişaf etdiyini deyərək bu sahədə əldə olunan nəticələri təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkəmizdə mobil texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə belə tədbirlərin keçirilməsi olduqca səmərəlidir.

“Azərfon”MMC-nin informasiya texnologiyaları üzrə Baş müdiri Xəyyam Həsənli mobil texnologiya və imkanlar mövzusunda geniş təqdimetmə ilə çıxış edib. O, ölkəmizdə mobil rabitə sahəsində qabaqcıl texnologiyaların tətbiqi sahəsində daha böyük imkanların əldə olunduğunu qeyd edib. Konkret olaraq təmsil etdiyi mobil operatorun bu sahədə qazandığı uğurları diqqətə çatdıran X.Həsənli gələcəkdə daha böyük uğurların əldə olunacağına əminliyini ifadə edib.

 Tədbirdə çıxış edən “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz son illər olkəmizdə mobil imkanların daha da genişləndiyini bildirib. O, “3G” xidmətinin tətbiqi ilə bu sahədə sürətli layihələrin həyata keçirildiyini söyləyərək mobil ticarət sahəsində də sağlam rəqabətin yaranacağını qeyd edib. “Azad rəqabət şəraitində sektorun bu seqmenti üzrə daha böyük nailiyyətlər əldə olunacaq” – deyə o vurğulayıb.
 
Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə və Rusiyada fəaliyyət göstərən  mobil operatorların nümayəndələri ekspert kimi iştirak ediblər.





06/04/12    Çap et