Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Elektron hökumət» layihələrində “Coğrafi informasiya sistemləri”nin tətbiqi»
«Ambassador» mehmanxanasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşəbbüsü və «İntegris» şirkətinin təşkilati dəstəyi ilə «Elektron hökumət» layihələrində “Coğrafi informasiya sistemləri”nin (GİS) tətbiqi» mövzusunda seminar keçirilib. Seminarda RİTN-in İnformasiya cəmiyyəti şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudov çıxış edərək bildirib ki, Azərbaycanda «E-hökumət» layihəsi uğurla davam etdirilir və tezliklə portalın istifadəyə verilməsi planlaşdırılıb.
Onun sözlərinə görə, dövlət qurumlarında «E-xidmət»lərin tətbiqi yüksək səviyyədə həyata keçirilir: «Təhsil, səhiyyə, ədliyyə, daxili işlər, vergilər, gömrük, sosial müdafiə və digər sahələrdə tətbiq edilən elektron xidmətlər, reyestrlər və digər informasiya resursları dövlət orqanlarının vətəndaş təşkilatlarına münasibətləri sadələşdirilmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaradılıb.
«E-hökumət»in mühüm tərkib hissəsi olan Azərbaycan əhalisinin dövlət reyestrinin formalaşdırılması, e-bəyannamələrin, elektron hesab-fakturalarının, ali təhsil müəssisələrinə və dövlət qulluğuna test imtahanlarında iştirak etmək üçün e-ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması və s. deyilənlərə əyani sübutdur. “Coğrafi informasiya sistemi”nin «E-hökumət» həllərində tətbiqi önəmli bir məsələdir və əminəm ki, dövlət qurumları bu sistemdən faydalanacaq».
Sonra «Data+» şirkətinin baş direktoru Aleksey Uşakov çıxış edərək rəhbərlik etdiyi şirkətin müxtəlif sahələrdə layihələr həyata keçirdiyini bildirib. O, belə bir seminarın aprelin sonlarında Kiprdə də təşkil olunacağını bildirib.
«İNTEGRİS» şirkətinin baş meneceri İlham Bayramov Azərbaycanda sürətli və dinamik inkişaf tendensiyasının müşahidə olunduğunu vurğulayaraq qeyd edib ki, bu inkişaf İKT sahəsində də özünü büruzə verir.
“Azərbaycanda informasiya texnologiyalarının inkişafı və «E-hökumət»in formalaşdırılması prioritet sahələrdəndir və bu istiqamətdə müvafiq qanunvericilik bazası yaradılıb. Keçirilən seminarın özü də «E-hökumət»in formalaşmasına kiçik də olsa, töhfə verə bilər. “Coğrafi informasiya sistemləri” bir çox sahələrdə tətbiq edilir və hətta həyatın ayrılmaz hissəsinə çevrilib».
Seminar günün sonuna kimi davam etdirilib.
Məlumat üçün bildirək ki, seminarda Fövqəladə hallar, Ekologiya və təbii sərvətlər, Nəqliyyat, Mədəniyyət və turizm, Daxili işlər, Səhiyyə, Kənd təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və xəritəçəkmə, Şəhərsalma və arxitektura, Gömrük, Əmlak Məsələləri Dövlət komitələri (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşma Mərkəzi), Dövlət Neft Şirkəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi, "Azərenerji" Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin nümayəndələri iştirak edib.
Seymur QASIMBƏYLİ
06/04/12 Çap et