Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mayın 1-dən daşınmaz əmlak sahəsində elektron xidmətlərin ikinci mərhələsi başlayacaq
Mayın 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin ikinci mərhələsinə start veriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Q.Xəlilovun sözlərinə görə, bu mərhələ çərçivəsində daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi üçün müraciətlərlə yanaşı, tələb olunan sənədlərin də elektron və ya skan edilmiş formatda rəsmi qəbuluna başlanacaq. Elektron xidmətlərin ikinci mərhələsində komitə ilə qurulan əlaqələr daha da sadələşdiriləcək.
Belə ki, elektron xidmətlərin ilk mərhələsində vətəndaşlar əmlakın qeydiyyatı üçün müraciəti elektron formada edir, amma bunun üçün tələb olunan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərinə adi qaydada təqdim etməli idilər. İkinci mərhələdə isə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada – internet vasitəsilə göndərilə biləcək: ”Bununla da hüquqi və fiziki şəxslər komitənin yerli qeydiyyat ofislərinə getməli və bunun üçün vaxt itirməli olmayacaq. Yaradılacaq internet portalı fasiləsiz olaraq - həftədə 7 gün 24 saat işləyərək müraciətləri komitənin yerli ofislərinə çatdıracaq.
Müraciətlər portal vasitəsi ilə qeyri-iş günləri və ya iş günü başa çatdıqdan sonra daxil edildikdə, həmin müraciətlərin qeydiyyatı müvafiq olaraq qeyri-iş günündən sonrakı ilk iş gününün başlanğıcından hesablanacaq. Elektron xidmət istifadəçiləri istədiyi zaman, istədiyi yerdən internet vasitəsilə öz müraciətini göndərə biləcəklər”.
HƏQİQƏT
07/04/12 Çap et