Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Eurovision” la bağlı kollegiya iclası keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə may ayında Bakıda keçiriləcək 57-ci  "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilmişdir.

İclasda tədbir zamanı tamaşaçıların "Baku Crystal Hall" kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadəsi  üçün  görülən işlərin gedişatı barədə məlumat verilmişdir. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda  30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadəsi üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə tapşırıqlar verilmişdir. 

Bundan başqa, "Eurovision 2012" müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də, müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunmuşdur. 

Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə  bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olmuşdur.

Sonda nazir RİTN-də yaradılmış İşçi Qrupunun fəaliyyətinin  gücləndirilməsi, müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
 





09/04/12    Çap et