Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NETTY 2012” Milli internet mükafatının qeydiyyat mərhələsi başlayıb


Azərbaycanda “NETTY 2012” Milli internet mükafatının yeni mərhələsinin keçirilməsinə start verilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, mükafatın keçirilmə şərtlərinə müvafiq olaraq müsabiqənin iştirakçı saytlarının qeydiyyat ərizələrinin qəbulu cari ilin 7 aprel tarixindən 31 mayadək keçirilir.

“NETTY” mükafatı 2004-cü ildə təsis edilib və bu il artıq səkkizinci dəfədir ki, keçirilir. Bu dəfə müsabiqə çərçivəsində səsvermə prosesində əhəmiyyətli dəyişikliklər baş verib və bu dəyişikliklər müsabiqənin nəticələrini bütün iştirakçılar üçün daha əhəmiyyətli və qaliblərin seçimini maksimal düzgün etməyə imkan verəcək.

Səsvermənin yenilənmiş sistemi akademiyaya ekspertlərin fikirlərini və bir çox internet istifadəçilərinin fikirlərini nəzərə alaraq ləyaqətli iddiaçılar arasında ən ləyaqətlisini seçməyə icazə verəcək.
1 iyundan 9 iyunadək “NETTY 2012” nominantlarının təyini üçün Ekspert Şurasının və virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir.

10 iyun tarixində Ekspert Şurası və münsiflər heyətinin cəmləşmiş seçiminə əsaslanaraq (şura hər nominasiyada üç nominant, münsiflər heyəti isə hər nominasiyada bir nominant seçir), “NETTY” Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Həmçinin, göstərilən dövr çərçivəsində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə akademiyanın səsverməsi keçirilir. “NETTY 2012” nominasiyalarının finalçıları iyunun 17-si rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər.

Qaliblərə təntənəli surətdə müsabiqənin əsas mükafatı – “NETTY” heykəlciyi verilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü müsabiqənin qaydaları ilə ziddiyyət yaratmayan və mükafatın Təşkilat Komitəsi tərəfindən bəyənilən “www.netty.az” saytında qeydiyyatdan keçmiş hər bir şəxs ola bilər.

Ekspert qrupu müsabiqənin Təşkilat Komitəsi tərəfindən şəxsi dəvətlər əsasında əlavə olaraq formalaşdırılacaq. Final mərasimində “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” - fəxri mükafatları təqdim olunacaq.

"İlin İT hadisəsi" fəxri mükafatı üzrə namizədlər Təşkilat Komitəsi, akademiya tərəfindən irəli sürülür və yaxud onlar öz namizədliyini “www.netty.az” saytı vasitəsilə özləri irəli sürə bilərlər. Yalnız akademiya bu nominasiyalarda qalibləri müəyyən edir.

Mükafatda iştirak edilməsi barədə təfərrüatlı məlumatı və müsabiqənin əsas qaydaları barədə onun “www.netty.az” rəsmi səhifəsində tanış olmaq olar. Bu il, əvvəlki illərdə olduğu kimi müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru “Bakcell SÜR@”, partnyorları – “BakuTel” sərgisi, “İntrans”, “Nurlar” şirkəti, “Ali&Nino” kitab mağazalarının şəbəkəsidir.

“GoMap” naviqasiya portalı mükafata öz dəstəyini göstərir. “Golden Pay” sistemi "Elektron ticarət" nominasiyasının partnyorudur. Tədbir üçün informasiya dəstəyini “1news.az”, “Disput.az”, “Ann.az”, “Navigator.az”, “E-azerbaijan.info”, “İnfocity.az”, “İTworld.az” göstərir.

Hüquqi dəstək “De Jure” hüquq şirkəti tərəfindən həyata keçirilir. “NETTY-2012” Azərbaycan Milli internet mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, “NETTY” mükafatı illər ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazanıb.
 
CAHANGİR





09/04/12    Çap et