Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

9 aprel Con Ekkertin doğum günüdür


Con Ekkert 1919-cu il aprelin 9-da Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, Filadelfiya şəhərində yerləşən Pensilvaniya Universitetinin nəzdindəki Ali elektrotexnika məktəbində təhsil alıb. 1941-ci ildə orada bakalavr, 1943-cü ildə isə magistr dərəcəsini alıb.

Ekkert hələ tələbə ikən professor Con Moşli ilə birlikdə kompyuter avadanlığı sahəsində bir neçə  faydalı hazırlama düzəltmişdilər. Moşlidən 12 yaş cavan olan Ekkert texnika sahəsində həqiqətən virtuoz (mahir sənətkar) idi. O, 8 yaşında kiçik qəbuledici hazırlamışdı.

Onlar 1946-cı ildə hökumətin sifarişi üzrə "Eniac" (Electronic Numerical Integrator and Computer - elektron rəqəmli inteqrator və hesablayıcı) maşınını yaratdılar. Maşının konstruksiyası həddindən artıq mürəkkəb idi; 17468 lampa istifadə edilmişdi. Bu qədər sayda lampadan istifadə edilməsi "ENIAC" maşınının onluq say sistemində işləməsi ilə bağlı idi. Moşli onluq say sisteminə üstünlük verirdi və yaxud istəyirdi ki, "maşın insana aydın olsun".

Saniyədə 100 min impuls tezliklə eyni zamanda 17 min lampa işləyirdi. Ona görə hər saniyə 1,7 milyard vəziyyət yaranırdı və bu zaman lampalardan ən azı biri işləmirdi. Ekkert bu problemi də həll etdi: lampalara bir qədər daha aşağı gərginlik verməyə başladılar və qəzaların sayı həftədə birə və ya ikiyə qədər azaldı. Maşın onluq say sistemi ilə işləyirdi.

1948-ci ildə Ekkert və Moşli universiteti tərk etdilər və şəxsi kompyuter firmalarını yaratdılar. Onların təqdim etdiyi yeni model - "Binac" (Binary Automatic Computer) adlanırdı və bu maşında informasiyanın saxlanılması üçün artıq perfokartlardan deyil, maqnit lentindən istifadə edilmişdi.

Ekkert və Moşlinin 1951-ci ildə təqdim edilmiş üçüncü modeli "Univac-1" (Universal Automatic Computer), biznesdə müxtəlif məsələlərin həll edilməsi üçün nəzərdə tutulmuşdu. "Univac-1" maşını həm rəqəmli, həm də simvol informasiyasını emal edə bilirdi. Maşının birinci nüsxəsi ABŞ-da Əhalinin siyahıya alınması bürosuna verilmişdi. Bundan sonra “UNIVAC” maşınının bir çox müxtəlif modelləri yaradıldı və onlar müxtəlif fəaliyyət sahələrində tətbiq edilirdilər.

Ekkert 1967-ci ildə Milli Texniki Akademiyanın üzvü seçildi, 1969-cu ildə isə  elmi zənginləşdirdiyi üçün “Milli elm” medalı ilə mükafatlandırıldı.O, 1995-ci il iyunun 3-də dünyasını dəyişib.
 
EMİL





09/04/12    Çap et