Sahibkarlar və menecerlər üçün distant təlimlərin keçirilməsinə başlanılıb
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar və menecerlər distant təlimlərin keçirilməsinə başlanılıb. İlk belə distant təlim “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak edib.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, təlimdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti distant təlimlərə gəlincə, bununla bağlı elanlar Bakı Biznes Tədris Mərkəzinin
http://www.bbtc.az/ saytının elanlar bölməsində yerləşdirilir. Nazirlikdın vurğulanıb ki, sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
HƏQİQƏT