Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BDU-da onlayn jurnalistika və internet televiziya fənni tədris olunacaq
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrə onlayn jurnalistika və internet televiziya proqramları tədris olunacaq. Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli məlumat verib.
O bildirib ki, yaxın gələcəkdə internet televiziyaları bütün ənənəvi televiziyaları əvəzləyəcək: «Çünki internet televiziyalarının interaktiv formatları, müəyyən imkanları var ki, tamaşaçı ilə birbaşa ünsiyyətdə olur və tamaşaçının da hazırladığı videorolikləri öz efirində göstərə bilir.
Ona görə də tamaşaçının internet televiziyaya marağı daha çoxdur. Əgər ənənəvi televiziyada telefon danışıqları ilə, hansısa bir məsafədən canlı bağlantılarla, çox baha başa gələn ünsürlər vasitəsi ilə tamaşaçılarla birbaşa əlaqə yaradılırdısa, internet televiziyasında isə bütün bunlar çox asanlıqla və çox ucuz qiymətə başa gəlir.
Tamaşaçı istədiyi anda internet televiziyası ilə arzularını yerinə yetirə bilir, onunla interaktiv əlaqəyə girə bilir. Ona görə də internet televiziyasının gələcəyi, sabahı aydındır. Ənənəvi televiziya internet televiziyası qarşısında məğlub olmaq ərəfəsindədir. Ona görə də internet televiziyasının qanun- qaydalarını, texnologiyasını bilmək çox vacibdir. Bizim fakültədə də internet televiziyası yaradılıb. Bu günlərdə onun təqdimat mərasimi keçiriləcək.
Bundan başqa onlayn jurnalistika ilə bağlı portal yaradılıb. Tələbələr burada öz materiallarını internetə necə yerləşdirmək, saytı necə yaratmaq və sair məsələləri öyrənirlər. Lazım gələndə də internetə çıxa bilirlər. Ona görə də artıq fakültədə tələbələrə yeni texnologiyalarla işləmək də öyrədilir».
Hazırda sözügedən məsələ ilə bağlı 4 fənn proqramı hazırladıqlarını vurğulayan C.Məmmədli deyib ki, proqramlar fakültədə müzakirə edilib və bəyənilib: «Bu proqramların yarısı internet televiziyası ilə, yarısı isə onlayn jurnalistikası ilə bağlıdır.
Bu iki fənn sentyabrdan başlayaraq tələbələrə tədris olunacaq. Kafedraya gələndə isə, bildirim ki, internet televiziya ilə bağlı Televiziya və radio jurnalistikası kafedrası məşğul olacaq. Onlayn jurnalistika ilə isə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası. Ona görə də hələ ki, yeni kafedranın yaradılmasına lüzum yoxdur. Biz planlaşdırırıq ki, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının adı dəyişdirilsin, ona yeni məzmun verilsin.
Bu məzmuna uyğun olaraq onlayn jurnalistika da burada cəmləşdirilsin. Mənim fikrimcə, kafedranın adı belə qoyula bilər: – Jurnalistika və kütləvi kommunikasiya nəzəriyyələri. Yəni əgər biz əvvəllər bir jurnalistikadan danışırdıqsa, indi genişlənmiş, bütöv kommunikasiya əlaqələrindən danışmaq lazımdır. Və bu kafedra da həmin kommunikasiya nəzəriyyələrini tələbələrə öyrətməlidir. Hazırda universitetdə çox ciddi dəyişikliklər var.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bizim təşəbbüsləri çox bəyənir və kömək edir. Məsələn, fakültədə internet televiziyası ilə bağlı yaradılan studiyanın və görülən digər işlərin maliyyəsinin yarısını universitet öz daxili imkanları hesabına təmin edib».
Seymur Qasımbəyli
10/04/12 Çap et