Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” smartfonlarının qiymətlərini endirir
Dünyada tədarük həcminə görə ən böyük mobil telefon istehsalçısı “Nokia” şirkəti Avropada smartfonlarının satış qiymətini 15% azaldıb. Qiymət 2011-ci ilin iyul ayının əvvəlində aşağı salınıb. Bundan sonra fin şirkətinin səhmləri daha 3,1% aşağı düşüb. “Nokia” nümayəndəsi Duq Douson (Doug Dawson) bildirib ki, qiymətlərin düşməsi şirkət biznesi üçün adi haldır, amma hər hansı şərh verməyib. “Strategy Analytics” Britaniya tədqiqat agentliyinin direktoru Neyl Moston bildirib ki, bütün böyük istehsalçılar qiymətləri ildə 2-6 dəfə endirirlər. "Nokia” kimi kompaniya üçün 5%-dən çox azaltma orta göstəricidir. Amma gəlirlərin kəskin aşağı düşməsi və məhsula aşağı tələbatın olmasına görə şirkətin, məhsulları ucuzlaşdırmaqdan savayı çıxış yolu qalmır", – deyə analitik qeyd edib. Həmçinin, o, son 10 ildə “Nokia” şirkətinin hər il qiymətləri orta hesabla 9% azaltdığını qeyd edib.
“Gartner” analitik agentliyinin vitse-prezidenti Karolina Milanezi hesab edir ki, əgər “Nokia”nın öz müştərilərini istənilən yolla saxlamaq və gələcəkdə onları yeni platformaya keçirmək cəhdlərini nəzərə alsaq, o zaman şirkətin addımı tamamilə məntiqidir.
İndi smartfon bazarında “Nokia” şirkətinin payı 25,5% təşkil edir, halbuki 2010-cu ilin birinci rübündə 39% təşkil edib. “Gartner” 2011-ci ildə bazarda “Nokia” şirkətinin payının azalacağını proqnozlaşdırıb.
06/07/11 Çap et