Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi üçün özəl sektora güzəştli şərtlərlə yeni imkanlar yaradılacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilmişdir.

Müzakirədə Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri  ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış  layihələrin hazırlanmasının və həyata keçirilməsinin, eyni zamanda, bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd etmişdir.

İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə fiber-optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılmışdır.

Eyni zamanda  digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli  əhalinin genişzolaqlı  xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının  vacibliyi vurğulanmışdır.

Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.  

Bu işlərə özəl  sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilmişdir.
 
 
 





12/04/12    Çap et