Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision” mövzusunda mobil proqram müsabiqəsi elan olunur


“Hackathon Azərbaycan" layihəsi çərçivəsində təşkilatçılar tərəfindən "oyun içində oyun" adlandırılan "Eurovision" mövzusunda mobil proqram müsabiqəsi elan olunur.  Müsabiqədə “Android” platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Hackathon Azerbaijan”dan məlumat verilib.

Layihə əməkdaşlarının sözlərinə görə, ən yaxşı tətbiq yazmış şəxslər müsabiqənin baş sponsoru “Samsung” şirkətinin nümayəndələri və  layihənin baş meneceri Rəşad Əliyev tərəfindən qiymətləndiriləcək: ”Ən yaxşı tətbiq yazmış qalibə “Samsung Galaxy Tab 10.1” hədiyyə ediləcək.

Bundan əlavə, əgər yazılan layihələr yüksəksəviyyəli olarsa, “Samsung” şirkəti smartfonlarında o tətbiqləri yerləşdirəcək. Bu tətbiqlər smartfonlarda əsas proqramlar siyahısında olacaq. Müsabiqənin nəticələri aprel ayının 22-də elan olunacaq”.

Qeyd edək ki, “Hackathon” – haker neologiyasıdı və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramist və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

“Hackathon Azerbaijan” sözügedən hadisəni Azərbaycanda təşkil edən bir layihədir. “Baku Google Technology User Group” tərəfindən yaradılan bu layihənin əsas məqsədi yerli proqramçıların və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir. “Hackathon Azərbaycan” layihəsi çərçivəsində müxtəlif istiqamətlərdə yarışmalar və olimpiadaların təşkili nəzərdə tutulur.
 
HƏQİQƏT






13/04/12    Çap et