Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT ilə bağlı yeni bölmələr yaradılıb


Təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnamə”nin 5.5-ci bəndini rəhbər tutaraq yeni əmr imzalayıb. Əmrə əsasən, bəzi bölmələrin adı və ya strukturu dəyişdirilib.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bundan sonra “İnformatika və kompyuter texnologiyası” bölməsi “Kompyuter elmləri” bölməsi adlandırılacaq. “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab­şü­naslıq və kitabxana işi” bölməsi isə “Kitabxanaşünaslıq – informasiya və kitabxana işi” bölməsi adlandırılacaq.

Ali təhsil müəssisələrinin rektorlarına tapşırılıb ki, rəhbərlik etdikləri ali təhsil müəssisələrində çalışan Elmi-Metodik Şuranın bölmə sədrlərinin və müvafiq bölmənin normal fəaliyyət göstərməsi üçün lazımi iş şəraitinin yaradılması təmin edilsin.

Elm şöbəsinə verilən tapşırığa görə, onlar EMŞ-nin bölmələrinin işinin əlaqələndirilməsini həyata keçirəcəklər. Bundan başqa, Elm şöbəsi Elmi-Metodik Şuranın Rəyasət Heyəti və bölmələrinin hesabatlarını hər ilin əvvəlində ümumiləşdirərək nazirliyin rəhbərliyinə müvafiq arayış təqdim edəcəklər.

Eyni zamanda, sözügedən şöbə ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin monitorinqinin keçirilməsi və prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsinə EMŞ-nin bölmələrinin cəlb edilməsi barədə təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edəcək. Əmrdə Dərslik və nəşriyyat şöbəsinə də tapşırıq verilib.

Belə ki, bu şöbə Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan yeni proqram, dərslik və dərs vəsaitlərinin bir məcburi nüsxəsini (elektron daşıyıcılarda əlavə olunmaqla) və bütün elektron tədris vəsaitlərinin bir nüsxəsinin Respublika Elmi Pedaqoji Kitabxanasına təqdim edilməsini təmin edəcək. Respublika Elmi Pedaqoji Kitabxanasında isə dərslik fondunun yaradılması təşkil ediləcək.

Burada yeni dərsliklərin və tədris-metodiki vəsaitlərin elektron kataloqunun yaradılması təmin olunacaq. Virtual dərslik kitabxanasının yaradılması barədə təkliflər hazırlanıb bir ay müddətində Təhsil Nazirliyinə təqdim olunacaq.
 
HƏQİQƏT





13/04/12    Çap et