“Hotmail” 15 yaşında
Bu gün ən iri elektron poçt xidməti olan “Hotmail” öz 15 illiyini qeyd edir. “Microsoft Azərbaycan” şirkətindən verilən məlumata görə, “Hotmail” azərbaycanlı istifadəçilər arasında məşhur olan elektron poçt xidmətlərindən biridir. Hazırda “Hotmail” dünyanın ən iri poçt servisidir – qeydiyyatdan keçmiş istifadəçilərin sayı 360 milyona bərabərdir.
Son 15 il ərzində “Hotmail” xidmətində aşağıdakı dəyişikliklər edilmişdir:
· Poçt qutusunun həcminin artırılması. 1996-cı ildə poçt qutusunun həcmi cəmi 2 meqabayta bərabər idi, bu gün isə istifadəçilər öz tələblərindən asılı olaraq həcmi daim artan poçt qutusundan istifadə edə bilər.
· Məhsuldarlığın və sürətin artırılması;
· Təqvimin inteqrasiyası;
· «Spell Check» funksiyasının tətbiqi (orfoqrafiyanın yoxlanılması);
· “Windows Live Messenger” və “SkyDrive” ilə inteqrasiya;
· “Exchange ActiveSync” (Hotmail xidmətini bir çox smartfonlarda istifadə etməyə imkan verir) əlavə edilməsi;
· Proqramların virusların aşkarlanması məqsədilə skanlanması;
· “Office Web Apps” ilə inteqrasiya.
15illik fəaliyyəti müddətində “Hotmail” öz istifadəçiləri üçün lazımi yenilikləri tətbiq edərək dünyanın aparıcı elektron poçt xidmətləri provayderi kimi inkişaf edib. Edilən son yeniliklər isə “Hotmail” xidmətinə bir neçə ay ərzində rəqiblərinin milyondan artıq istifadəçisini cəlb etməyə imkan verib.
Yenilənmiş “Windows Live Hotmail” xidmətində vaxta qənaət etməyə imkan verən intellektual alətlər mövcuddur. Yeni texnologiyalar məktubları “Daxil olanlar” qovluğunda qaydaya salmağa, arzuolunmaz poçtu avtomatik şəkildə süzgəcdən keçirməyə, həmçinin istifadəçinin kompyuterində “Microsoft Office” dəstinin olmaması zamanı belə “Word”, “Excell” və “PowerPoint” fayllarilə birbaşa elektron poçt xidmətindən pulsuz işləməyə imkan verir.
“Hotmail” hazırda üzərində iş gedən daha çox yenilik və alətləri təqdim etmək niyyətindədir. Həmin yeniliklərin yaxın aylarda buraxılacağı planlaşdırılır.