Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə smartfon satışlarının həcmi 1 milyardı ötəcək


“Credit Suisse” analitiklərinin tədqiqat məlumatlarına görə, 2014-cü ildə smartfon satışlarının həcmi 1 milyardı ötəcək.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, cari ildə smartfon satışlarının həcmi 46% artaraq 687,9 milyon, 2 ildən sonra isə 1,05 milyard təşkil edəcək. Artıma səbəb daha ucuz modellərin istehsalı və Çin bazarında smartfonlara yüksək tələbat olacaq.

“Apple” şirkətinin seqmentin lideri kimi qalacağı gözlənilir. Proqnozlara  görə, cari ildə aparıcı smartfon istehsalçısının bazar payı 23% təşkil edəcək. “Apple” korporasiyası bu uğurlara inkişaf etmiş ticarət şəbəkəsi və aparatlarının yüksək texniki səviyyəsi sayəsində nail ola biləcək.

“Credit Suisse”-dən hesab edirlər ki, hazırda “Nokia”nın maliyyə böhranı yaşamasına baxmayaraq, şirkət onların öhdəsindən gələcək və 2013-cü ildə smartfon bazarında onun payı 11% təşkil edəcək.

Analitiklər hesab edirlər ki, Cənubi Koreyanın “Samsung” və Çinin “Huawei” şirkətləri, həmçinin smartfon bazarında öz mövqeyini gücləndirəcəklər.Seqmentin ən zəif “oyunçu”ları arasında “Motorola Mobility”, “HTC” və “Sony” şirkətləri vurğulanıb.
 

EMİL





14/04/12    Çap et