Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Modul tipli təlim proqramları” üzrə mini-dərslər videolentə alınıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” layihəsinin “Modul tipli təlim proqramları” tapşırığı çərçivəsində modul metodologiyası üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən təlim keçirilib. Hazırkı təlim Tapşırıq çərçivəsində sonuncu, yəni 4-cü mərhələ üzrə həyata keçirilib.

Bu mərhələdə əvvəlcə qısaca olaraq əvvəlki üç mərhələ nəzərdən keçirilib. Belə ki, təlimçilər tərəfindən modulların hazırlanmasının təhlili, modul kurrikulumun hazırlanması konsepsiyasının və qiymətləndirmə meyar və göstəriciləri təkrar edilib.

Daha sonra isə iştirakçılar proqramın məqsəd və metodologiyası barədə məlumat aldıqdan sonra fərdi və kollektiv şəkildə praktik çalışmalar həyata keçirməklə çıxış profillərini işləyib hazırlayıb, güclü və zəif cəhətlərini müəyyən etmək üçün qiymətləndirmə meyarından istifadə ediblər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən qeyd edilib ki, təlimçilər tərəfindən fərdi və qrup şəklində hazırlanan mini-dərslər videolentə alındıqdan sonra yenidən nəzərdən keçirməklə praktik müşahidələrin hazırlanması və təlimçinin davranışının təhlili üçün simulyasiya çalışmaları və qiymətləndirmə meyarının təhlilini həyata keçiriblər.

Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilmiş yerli mütəxəssislər və layihənin icra qrupunun 12 nəfər əməkdaşı iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Nazirlikdən bildirilib ki, Modul tipli təlim proqramları” tapşırığının yekununda əmək bazarında ən çox tələb olunan peşələr üzrə 30 modul təlim proqramının hazırlanması, iki yeni peşə təlimi mərkəzinin yaradılmasının dəstəklənməsi, qanunverici-institusional çərçivənin və monitorinq sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, modul təlim ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan bütün qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir.

Modul yanaşması əmək bazarında bilik və bacarıqlara olan faktiki tələbi və fərdin real təlim ehtiyaclarını nəzərə alan, müdavimin müəyyən məşğulluq və ya özünüməşğulluq şəraitində tələb olunan standartlara uyğun fəaliyyət göstərməsi üçün praktik və sosial  bilik və bacarıqlar əldə etməsini dəstəkləyən (peşə) təlimin təşkili prosesidir.
 
HƏQİQƏT

 
 





16/04/12    Çap et