Hakerlər tərəfindən dağıdılması mümkün olmayan internet səhifəsi hazırlanır
Sənaye və Energetika Nazirliyi hakerlər tərəfindən dağıdılması mümkün olmayan rəsmi internet səhifəsini hazırlatdırır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytı hazırlayan «İnfosecurity» şirkətinin veb-proqramçısı Fidan Qasımova məlumat verib. O bildirib ki, hazırda nazirliyin rəsmi internet səhifəsinin (
http://www.mie.gov.az/) üzərində iş aparıldığı üçün fəaliyyəti dayandırılıb.
F.Qasımova deyib ki, yeni yaradılacaq portal «Java»da olan bir sistemdə üzərində yığılır. “Bu, olduqca güclü bir sistemdir. Saytın özü 3 və daha artıq serverdə yerləşəcək. İnformasiyaların hamısı keşdən götürüləcək. İstifadəçi birbaşa bazaya daxil ola bilməyəcək.
Ona görə də burada təhlükəsizlik çox yüksək dərəcədə qorunur. Bu cür sxemli saytlar əsasən xaricdə hazırlanır. Azərbaycanda isə bu yenilikdir. Bunu da biz özümüz etmək istəmişik. Burada əsas məsələ ondan ibarətdir ki, saytın təhlükəsizliyi 100 faiz təmin olunur. Yəni bu saytı heç bir haker dağıda bilməz.
Çünki hakerlər saytın bazasına daxil ola bilməyəcəklər. Saytın səhifəsi ayrı-ayrı hissələrdən ibarətdir. Proqram elə qurulub ki, səhifə kiçik hissələrə ayrılıb və istifadəçi hər dəfə sayta müraciət edəndə kiçik hissələr ümumi yerdə birləşərək səhifə formasında açılacaq. Əslində isə burada səhifə anlayışı yoxdur.
Buna baxmayaraq onun istifadəsi çox sadədir. Yəni istifadəçilərə mürəkkəb proseslərlə işləmək təklif olunmur. Əslində sadə görünməsinə baxmayaraq saytın arxasında çox güclü bir sistem durur».
F.Qasımova onu da əlavə edib ki, sayt aprel ayının axırlarında hazır olacaq.
SEYMUR