Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Hindistan arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var
Azərbaycan ilə Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia ilə görüşdə deyib.
Hindistanlı nazir Hindistan Prezidenti Pratibha Patilin və baş nazir Manmohan Sinqxin salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. Ölkələr arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən D.Sindia iqtisadi və mədəni sahələrdə əlaqələrin qədim tarixə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın sessiyasının keçirilməsinin iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını deyib.
Dövlət başçısı Hindistan Prezidenti və baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Hindistanın dövlət başçısına və baş nazirə çatdırmağı xahiş edib.
18/04/12 Çap et