Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda proqram təminatı sahəsində piratçılığın səviyyəsi 8 faiz azalıb


Əvvəlki illərlə müqayisədə müəllif hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib. Müəllif Hüquqları Agentliyinin müvafiq dövlət orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda 2005-ci illə müqayisədə 2011-ci ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində və audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.

“İCTnews” elektron xəbər xidmətinə agentlikdən verilən məlumata görə, bununla yanaşı, milli müəllif-hüquq qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “TRİPS” sazişinin tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər çərçivəsində “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” yeni qanunun qəbul olunacağı gözlənilir. Bu qanunun qəbul edilməsi ilə piratçılıqla mübarizədə yeni mərhələ başlayacaq.

Qanun qəbul edildikdən sonra kompyuter proqramları da daxil olmaqla qanuni şəkildə yaradılmış müəlliflik hüququ obyektlərinin, audiovizual əsərlərin, fonoqramların və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi ardıcıllıqla nömrələnmiş nəzarət markaları vurulacaq. 

Nəzarət markaları yapışdırılmamış nüsxələr pirat nüsxələr sayılacaq və onların kommersiya məqsədi ilə yayılması qadağan ediləcək.

CAHANGİR





18/04/12    Çap et