Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tvinninq” layihəsi çərçivəsində tədbir keçirilib


“Azərbaycan Respublikasında müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” “Tvinninq” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün təşkil edilib. Bu barədə Müəllif Hüquqları Agentliyindən “İCTnews” elektron xəbər xidmətinə məlumat verilib.

Tədbirdə agentliyin sədri Kamran İmanov, Macarıstan Müəllif Hüquqları Şurasının Prezidenti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun sabiq müavini Mihaly Ficsor, Nant Universitetinin professoru Andre Lucas, İspaniyanın Müəlliflər, Bəstəkarlar və Musiqili Naşirlər Cəmiyyətinin Hüquq məsələləri üzrə eksperti Sophie Valais çıxış edib.

Seminarda “Müəllif hüquqlarının məlumat almaq hüququ və başqa insan hüquqları ilə balanslaşdırılması”, “Fransa qanunvericiliyinin son inkişaf mərhələsi”, “Onlayn mühitində müəllif hüquqlarının təminatı” mövzularında edilmiş prezentasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün qeyd edək ki, “Tvinninq” layihəsinin nüvəsini Müəllif Hüquqları Agentliyinin nəzdində yaradılmış «Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi» və «Onlayn» monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sistemi təşkil edir.

Layihənin əsas funksional komponentləri bazara çıxarılan tərkibində əqli mülkiyyət olan malların holoqram-nəzarət markaları ilə təchiz edilməsi üzrə texnologiyanın yaradılması və tətbiqi, həmçinin, müasir informasiya texnologiyaları əsasında rəqəmli şəbəkədə müəlliflik və əlaqəli hüquqlar obyektlərinin avtomatik lisenziyalaşdırılması, istifadəsinin monitorinqinin aparılması və kontent şəklində olan obyektlərin müasir xəzinəsinin yaradılmasından ibarətdir.


CAHANGİR





19/04/12    Çap et