Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsildə İKT üzrə hansı bacarıqlar zəruridir?
İnformasiya-kommunikasiya texnologiyaları təhsilin keyfiyyətinə təsir etməklə iqtisadi inkişafın katalizatoru ola bilər
Bu gün dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, ölkələr məktəblərin informasiyalaşdırılmasında həlli çətin problemlərlə qarşılaşmaqda davam edir.
Bu problemlər adətən texnologiyaların sürətli inkişafı ilə ayaqlaşmamaq, yetərsiz maliyyə investisiyaları, İKT-nin təhsilə transformasiyasında müəllimlərin rolunun hiss olunmaması zamanı üzə çıxır. Son ilin müşahidələri isə təsdiqləyir ki, çoxaspektli proses olan təhsilin informasiyalaşdırılmasında digər amillərlə yanaşı, pedaqoqlara qarşı İKT üzrə xüsusi bacarıqların tələb kimi qoyulması da əsas şərtdir. Məhz bu səbəbdən UNESKO müəllimlərin İKT üzrə bacarıqlarına qarşı tələblərin (UNESCO’s ICT Competency Framework for Teachers) Çərçivə Sənədini müəyyənləşdirib.
Təşkilatın tövsiyələrinin yeni versiyası isə “CİSCO”, “İntel”, “İSTE” kimi qurumların iştirakı ilə UNESKO və “Microsoft” tərəfindən 2011-ci ildə hazırlanıb və UNESKO onu daimi olaraq təkmilləşdirməyi nəzərdə tutur.
Müəllimlərin İKT üzrə bacarıqlarına qarşı üç yanaşma
UNESKO tövsiyələrində vurğulayır ki, müasir müəllim üçün texnoloji savada yiyələnmək və bu savadı şagirdlərin formalaşdırılmasına yönəltmək yetərli deyil.
O, həmçinin, şagirdləri ən sonda şəxsiyyətyönümlü vətəndaşların yetişdirilməsinə xidmət edən İKT bacarıqlarından düzgün istifadə, uğurlu əməkdaşlıq, qarşıya çıxan məsələlərin sərbəst analizi və həlli kimi bir çox bacarıqlara alışdırmaq qabiliyyətinə malik olmalıdır. Bunun üçün müəllimlər təhsildə İKT-nin rolu anlayışını dəqiq bilməlidir.
Digər tələblər kurrikulum və qiymətləndirmə, pedaqoji təcrübə, İKT üçün avadanlıq və proqram təminatı, təşkilat və təhsil prosesinin idarə edilməsi, eləcə də peşəkar inkişafdır. Ümumiyyətlə, UNESKO-nun tövsiyəsi məktəbin informasiyalaşdırılmasında pedaqoqların İKT bacarıqlarının zənginləşdirilməsi, bacarıqların təhsil prosesinə mərhələlərlə inteqrasiyası kimi üç yanaşmanı irəli sürür. “İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir.
“Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma isə müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur.
Üçüncü yanaşma isə “İnformasiya istehsalı”dır ki, burada da müəllimlər gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər. Müəllimlərin İKT üzrə bacarıqlar strukturunu müəyyənləşdirən bu üç yanaşmanın hər biri 6 moduldan ibarətdir.
Tövsiyələrdə deyilir ki, bu gün hər müəllim inkişaf etməkdə olan cəmiyyətin tələblərinə cavab verə bilən təhsil üsulları və təşkilati formalardan istifadə etməlidir. Bunun sayəsində də şagirdlər nəinki onlara tədris olunan məzmunları mənimsəməli, özləri də sərbəst olaraq yeni informasiya istehsalına malik olmalıdırlar. Hesab olunur ki, əksər müəllimlər üçün bu yanaşma olduqca cəsarətli görünə bilər.
Ona görə də müəllimlərin belə təlim bacarıqlarına yiyələnməsi, bu yanaşmaları mənimsəməsi xeyli zaman tələb edəcək. Bunun daha səmərəli və zamanında tətbiqi isə dövlət qurumlarından, kadrların inkişaf etdirilməsi və müəllim hazırlığı müəssisələrindən, eləcə də təhsil müəssisələrinin rəhbərlərindən birgə səy tələb edir. Ona görə də UNESKO təlimatları müxtəlif orqanlar tərəfindən təhsil siyasətinin formalaşmasında istifadə edilə bilər. Belə ki, bu təlimatlar peşəkar müəllim hazırlığında əsas təlim materiallarını təyin edir.
Tövsiyələr sertifikatlaşdırma zamanı müəllimlərin lazımi peşəkarlıq səriştəsinin yoxlanmasına, təhsil müəssisələrində informasiyalaşdırma zamanı kadrların ixtisaslarının yüksəldilməsində təlim proqramları kimi xidmət edə bilər. Bundan başqa, mövcud sənəd xüsusilə inkişaf etməkdə olan ölkələrdə müəllimlərin hazırlığı, onların işinin daha da təkmilləşdirilməsi və bu ölkələrdə tələbələrin cəmiyyətin layiqli üzvləri kimi yetişdirilməsində yardımçı ola bilər.
Təhsildə İKT-dən istifadə iqtisadi artıma təkan verir
Ümumiyyətlə, bu gün UNESKO və BMT-nin təhsil siyasəti özündə bir çox vacib amilləri birləşdirir. Belə ki, təhsil cəmiyyətin əsas dəyərlərini təmin etməli, bu dəyərlərin transferinə, mədəni irsin, uşaq, gənclər və böyüklərin inkişafına, demokratiyaya dəstəyə, cəmiyyətin inkişafında vətəndaşların rolunun gücləndirilməsinə xidmət etməlidir.
Təhsil cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla, ölkələr, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına, münaqişələrin sülh yolu ilə həllinə, cəmiyyətin bütün üzvlərinin fiziki və mənəvi təkmilləşdirilməsinə, iqtisadi inkişafa dəstək olmaqla, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir etməlidir. Bu qaydaların hazırlanması da dünyada təhsil islahatı və davamlı iqtisadi inkişafa yardım etmək üçün UNESKO da daxil olmaqla, BMT və onun ixtisaslaşmış qurumlarının təşəbbüslərinin ayrılmaz tərkib hissəsidir.
Təhsil hüququnu insanların əsas hüquqlarından biri kimi görən bu təşkilatlar qoyulan məqsədlərə nail olunmasında da təhsilin əsas resurs olduğunu vurğulayırlar. Sürətlə dəyişən müasir dünyamızda UNESKO-nun 21-ci əsrdə Təhsil üzrə Beynəlxalq Komissiyası fasiləsiz təhsili sadalanan problemlərin həllində əsas açar kimi görür. Buna görə də komissiya tədris prosesinin “Birlikdə yaşamağı öyrənmək”, “biliklərin mənimsənilməsi”, “istehsal etməyi bacarmaq” və “mövcud olmağı bacarmaq” kimi 4 əsas komponentlərini müəyyənləşdirir.
Bu baxımdan, UNESKO-nun hazırladığı tələblər İKT-dən istifadə vasitəsilə təhsil islahatlarını iqtisadi artımla bağlayır. Beynəlxalq təşkilatın sözügedən tövsiyələrinə görə, informasiya- kommunikasiya texnologiyaları təhsilin keyfiyyətinə təsir etməklə, iqtisadi inkişafın katalizatoru ola bilərlər. Hesab edilir ki, dinindən, dilindən asılı olmadan bütün vətəndaşların təhsilə əlçatanlığı ümumi və davamlı iqtisadi inkişafa gətirib çıxara bilər.
Bu səbəbdən də, “İKT-nin təhsilə tətbiqi” yanaşması daha böyük əhali qrupunun texnologiyalardan istifadəsini və texnoloji savadlılığın artırılmasını şərtləndirir. Əldə edilən bacarıqların praktikada tətbiqi, eləcə də kadrların fasiləsiz təhsillə əhatə olunması “Biliklərin mənimsənilməsi” yanaşmasına əsasən irəli sürülür.
Tələbələr, eləcə də işçilər daxil olmaqla, bütün vətəndaşların yeni innovativ bacarıqlarının yüksəldilməsi ilə yanaşı, əldə olunan bacarıqlar hesabına yeni biliklərin istehsalı və bu yolla ümumi gəlirlərin əldə edilməsinin yaxşılaşdırılmasına nail olması “İnformasiya istehsalı”nda əsas götürülür.
Bir sözlə, bu gün UNESKO-nun tövsiyələrində əsas hədəf və diqqət ibtidai və orta məktəb müəllimləridir. Buna baxmayaraq, sadalanan yanaşmalar təhsilin bütün səviyyələrində - ibtidai, orta, natamam, ali, ali təhsildən sonrakı fasiləsiz təhsildə tətbiq üçün tövsiyə edilir.
İxtisasartırma təhsilində innovasiyalar modulu zəruridir
Təhsildə İKT-nin tətbiqinin genişləndirilməsində vacib məsələ isə ilk növbədə pedaqoji heyətin texnologiyalardan istifadə ilə əlaqədar təlim kurslarına cəlbidir. Azərbaycanda təhsillə bağlı fikirlərini bölüşən beynəlxalq məsləhətçi Nazim İrfan Tanrıkulu da hesab edir ki, yeni kurrikulumların daha yaxşı anlaşılması və hədəfinə çatması üçün müəllimlərin və təhsil rəhbərlərinin kifayət qədər Xidməti Təhsil Kurslarından keçirilməsi vacibdir: ”Yeni kurrikulumların uğurlu olması üçün laboratoriya və tətbiq sahələrinin yetərli olması, avadanlıq və materialların təcrübə aparılacaq vəziyyətə gətirilməsi, tətbiq və təcrübələrin müəllim üçün ən vacib məsələyə çevrilməsi zəruridir. Proqramın quruluşu da buna məcbur edir. Bu təcrübə və tətbiqlər quruluşun bir parçası olmalıdır”.
Beynəlxalq məsləhətçinin fikrinə görə, təhsildə yeni yanaşma şagirdlərdə nəsillər arasındakı fərqliləşmə, müasir mədəniyyətdən təsirlənmə, məlumat cəhətdən daha təchizatlı, hüquqlarını dərk etmə, müstəqilliyə can atma və s. kimi müsbət amillərlə yanaşı, onların internet, kompyuter, televizor kimi vasitələrlə asan məlumat təchizatını formalaşdırır: ”Yeni kurrikulumlarda əsas hədəflər şagirdlərdə tənqidi düşünmə, yaradıcı düşünmə, ünsiyyət, araşdırma-sorğu, problemi həll etmə bacarıqlarını formalaşdırmaqla yanaşı, həm də onlarda məlumat texnologiyalarının istifadə bacarığını yüksəltməkdir.
Bunun üşün təhsil materiallarının davamlı təkmilləşdirilməsi vacibdir ki, bu istiqamətlərdən biri də dərs kitabları və köməkçi dərs vəsaitlərinin, o cümlədən elekrton materiallar və təcrübə müşahidənin genişləndirilməsidir”.
Ümumiyyətlə, hazırda bütün dünyada İKT-nin təhsilə tətbiqinin gündəmə gəlməsi ilə pedaqoji heyətin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərlərinin əlavə təhsilə cəlbi də aktual məsələyə çevrilib.
Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrinin rəhbərləri üçün əlavə təhsilin istiqamətlərindən biri olan ixtisasartırma təhsilinin yeni model əsasında reallaşdırılmasına başlanılıb. Bu modelə əsasən, ixtisasartırma təhsili üç təlim modulu üzrə həyata keçirilir ki, onlardan biri də məhz innovasiyalar üzrə təlimdir.
Həqiqət İSABALAYEVA
20/04/12 Çap et