Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.
Əlaqələndirmə Şurasının sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirakçılara Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət orqanlarında e-xidmətlərin təşkilində mövcud olan problemlərlə bağlı tapşırıqları iclas iştirakçılarının nəzərinə çatdıraraq, bütün dövlət orqanları tərəfindən fərmandan irəli gələn vəzifələrin qısa müddət ərzində icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra fərmanın icrası ilə bağlı görülmüş işlər barədə təqdimat keçirilib, hər bir dövlət qurumunda görülən işlər və mövcud problemlərlə bağlı müzakirələr aparılıb.
Qeyd olunub ki, artıq keçən ilin sentyabrından elektron imzaların verilməsinə başlanılıb, e-xidmətlərin "bir pəncərə" prinsipi əsasında təqdim olunması üçün e-hökumət portalı və dövlət orqanları arasında informasiya mübadiləsini təmin edən infrastruktur – "e-hökumət şlüzü" hazırlanıb.
E-xidmətlər reyestri yaradılıb və dövlət orqanları tərəfindən təqdim olunan xidmətlər bu reyestrə daxil edilir. Hazırda 14 dövlət orqanının 56 xidməti bu portalda cəmlənib. Yaxın zamanda bu portalın rəsmi istifadəyə verilməsi planlaşdırılır.
Tədbirdə dövlət qurumlarının nümayəndələri tərəfindən qaldırılan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin yekunu olaraq qərara alınıb ki, elektron xidmətlərin tətbiqi üzrə tapşırıqların vaxtında yerinə yetirilməsi üçün vacib olan tədbirlərin həyata keçirilməsi sürətləndirilsin.
20/04/12 Çap et