Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektri genişləndirilir


Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrini genişləndirməkdə davam edir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, vergi sahəsində gələcək islahatların bütün istiqamətləri “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”nda əks olunub.

Belə ki, adıçəkilən sənəddə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, vergilərin ödənilməsi prosesinin asanlaşdırılması və elektron ödəmələrin tətbiqi, vergi borclarının yaranmaması üçün profilaktik işlərin təşkili, vergi apelyasiya sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət üsullarının yaxşılaşdırılması və s. kimi tədbirlər nəzərdə tutulub: ”Artıq Vergilər Nazirliyinin internet saytının yeni versiyasında naviqasiya rahatlığı təmin edilib. “Videobələdçi” bölməsi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir, bu bölmə saytın istifadəçilərinə audio-video görüntülü məlumat verir.

“Vergi Apelyasiya Şurası” bölməsi vergi ödəyicilərinə Vergi Apelyasiya Şurasına elektron formada müraciət etmək imkanı yaradır. Yeni açılan “Vergi və dövlət rüsumlarını hara köçürməli?” adlı bölmə isə vergi ödəyicilərinə dövlət xəzinədarlıq orqanlarında vergi və rüsumlar köçürüləcək bank hesablarının rekvizitlərini VÖEN əsasında axtarış aparmağa şərait yaradır. “Vətəndaşların videoqəbulu” bölməsi vasitəsi ilə ölkə vətəndaşlarının Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən onlayn rejimdə videoqəbulu imkanı yaradılıb”.

Bundan başqa,  2011-ci ildən fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının (e-qeydiyyatın) tətbiqinə başlanılıb. Fiziki şəxslərin fəaliyyətinin dayandırılması, filialın fəaliyyətinin dayandırılması, ƏDV qeydiyyatı, bankda hesab açılması, fəaliyyətin bərpası, hüquqi şəxsin fəaliyyətinin dayandırılması, ərizə formalarının elektron formada tətbiq edilməsi təmin olunub.

Vergi borcları barədə məlumatların operativ çatdırılması məqsədilə vergi ödəyicilərinə səsli mesajlarla yanaşı, mobil telefonlara yazılı mesajların göndərilməsinə başlanılıb. Nağdsız ödənişlərin stimullaşdırılması və pos-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində son vaxtlar intensiv işlər aparılır.

Belə ki, nazirliyin Vergi ödəyicilərinə xidmət idarəsi tərəfindən nağdsız ödənişlərin üstünlüklərini, o cümlədən ödəniş kartları, pos-terminallar və onlardan istifadə qaydalarını özündə əks etdirən kitabça hazırlanıb və 30000 sayda nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması üçün vergi orqanlarına göndərilib.

 Bundan başqa, 2011-ci ildə “195” Telefon-məlumat xidmətinin səmərəliliyinin artırılması istiqamətində yeni hazırlanmış proqram təminatında “Sual-cavab” bölməsi və təkmil axtarış sistemi yaradılaraq, bölməyə sual-cavabların əlavə edilməsi prosesinə başlanılıb. Zənglərin qeydiyyatı, müxtəlif parametrlərə görə hesabatların alınması və təhlillərin aparılması məqsədilə yeni proqram təminatı hazırlanıb istifadəyə verilib.
 
 
HƏQİQƏT





21/04/12    Çap et