Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirilib.
İclasda Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov gündəlikdə duran məsələlər haqqında məlumat verib.
İclasda "Azərbaycan Respublikasının müstəqillik illərində kibernetika və informatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər (1991-2011-ci illər)" kitabının nəşrə hazırlanması və bir sıra cari məsələlər müzakirə olunub.
Kitabın siqnal nəşri haqqında ətraflı məlumat verən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev demişdir ki, Problem Şurasının qərarı ilə çapa hazırlanmış kitabda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi ili ərzində kibernetika və informasiya texnologiyaları üzrə əldə edilən nailiyyətlər, o cümlədən, mühüm elmi nəticələr, elmi-tədqiqatların praktiki tətbiqi, elmi nəşrlər və keçirilən beynəlxalq konfranslar, elmi kadrların hazırlanması və təltiflər haqqında məlumat verilib.
Direktor kitabın səkkiz bölmədən ibarət olduğunu diqqətə çatdırıb.Kitabın elmi redaktoru akademik İsmayıl İbrahimovdur.
Məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra qərara alınıb ki, kitabın "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində nəşr olunması üçün AMEA Rəyasət Heyətinə müraciət edilsin.
İclasda, həmçinin Xəzər Universiteti tərəfindən təqdim olunmuş doktorantların 2011-ci ildə doktoranturaya (fəlsəfə doktoru hazırlığı üzrə) daxil olmuş elmi işlərinin mövzuları müzakirə olunaraq təsdiq edilib.
21/04/12 Çap et