Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa internet vasitəsilə iqtisadi böhrandan necə çıxacaq?!


Hazırda Avropa son 30 ildə ən çətin iqtisadi dövrünü yaşayır. Şərqi Avropa isə daha ağır durumdadır. Hökumətlər vəziyyəti düzəldə bilmir, dövlət büdcələri böyük kəsirlə ili başa vurur. Ona görə də bir tərəfdən vergiləri qaldırılır, digər tərəfdən isə pensiya və maaşlar azaldılır. Nəticədə işsizliyin səviyyəsi  getdikcə artır.
 
2011-ci ilin ikinci yarısından başlayaraq Yunanıstanda və onun ardınca Avropanın bir sıra iri ölkələrində - İtaliya, İspaniya və Portuqaliyada səhm bazarında ciddi problemlər yaranıb.  Bu da Avropa ölkələrində səhmlərin dəyərinin müvafiq olaraq 10 faizdən aşağı düşməsinə gətirib çıxardıb. Eyni zamanda adıçəkilən ölkələrdə dövlət xərclərinin çoxluğu da önə çəkilir.

Xərclərin çox olması, dövlətin gəlirlərinin də bunu qarşılaya bilməməsi Avropada iqtisadi böhranın yaranmasına gətirib çıxardıb ki, bu da məhz avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsinə və eləcə də yekunda avrozonada iqtisadi artımın əldə olunmaması ilə nəticələnib. 

2012-ci ilin ilk 3 ayı ərzində Avropa Birliyində iqtisadi artım əldə edilməyib. Mərkəzi Avropa ölkələrində də problem ciddi olaraq qalmaqdadır. Baxmayaraq ki, Mərkəzi Şərqi Avropa ölkələrinin əksəriyyəti avrozonaya üzv deyil. Lakin avrozonada müşahidə edilən iqtisadi böhran həmin ölkələrə də təsirsiz ötüşmür. Bu gün sözügedən ölkələrin də büdcə xərclərinin çoxluğu vəziyyəti daha da ağırlaşdırmaqdadır. Bu ölkələrdə bürokratik sistemin effektli işləməməsi problemi mövcuddur.

Hətta Avropanın bəzi ölkələri, o cümlədən İspaniya artıq fiksal akt qəbul edib ki, bu da məhz büdcə xərclərinin kəskin azaldılması anlamını daşıyır.

Avropada avrozonanın verdiyi maliyyə üstünlüyü ona gətirib çıxardıb ki, AB üzvü olan ölkələr uzun müddət dövlət xərclərinin praktik olaraq tənzimlənmədən və ciddi şəkildə planlaşdırılmadan xərc artımlarına üstünlük veriblər. Artıq hökumətlər də cəmiyyətlərinin israrlı tələbləri qarşısında aciz duruma düşüb. İndi AB üzvləri «Avropa ailəsi»nin bütövlüyünü qorumaq üçün iqtisadi böhrandan çıxmağın yollarını axtarırlar. Ancaq bütün ümidlərin boşa çıxdığını da demək doğru deyil.

Ona görə də bir neçə təklif irəli sürülür. Bu təkliflərdən biri də internetdən əldə olunan gəlirlər vasitəsi ilə iqtisadi durumu qaldırmaqdır. Avropanın iqtisadçı ekspertləri hazırkı durumda böhrandan çıxış yolu kimi də məhz internet versiyasına üstünlük verirlər. Onların qənaətincə, köhnə qitənin internetdə iqtisadiyyatı gücləndirmək istiqamətində qurduğu sistem genişlənərsə, Avropa əvvəlki iqtisadi qüdrətini yenidən bərpa edə bilər.

Bu arada onu da qeyd etmək lazımdır ki, hazırkı məqamda Avropa ölkələrinin illik gəlirlərinin 12 faizini məhz internetdən əldə olunan vəsaitlər təşkil edir. İqtisadçıların hesablamalarına görə, internetdən gələn gəlirin həcminə görə, Avropa hətta əhali sayı həddindən artıq çox böyük olan Çini də qabaqlayır.

Üstəlik, ümumdünya maliyyə böhranı zamanı meydana gələn minlərlə işsiz insan məhz onlayn alış-veriş nəticəsində özlərinə iş tapa biliblər. Lakin ekspertlər onu da əlavə edirlər ki, internet sosial və iqtisadi sahələrdə özünü doğrultsa da, siyasi sferada eyni sözləri demək olmaz. Çünki bəzi ölkələrdə internet siyasi sabitliyi pozmaqda narazılar üçün böyük vasitə olub. Yəni Avropa ölkələrində ara-sıra baş qaldıran ixtişaşlarda da internetin rolu danılmazdır.

Avropa Birliyi ölkələri üçün “elektron hökumət”, elektron xidmət və internet ticarəti olduqca vacibdir. Yəni burda heç də söhbət ondan getmir ki, bu gün Avropada internetdən istifadə edənlərin sayı daha çoxdur. Sadəcə olaraq hazırda Avropada elektron xidmətdən istifadə edənlərin sayı kifayət qədər çoxdur. Bu da gəlirlərin artmasına müsbət təsir edir. Avropa vətəndaşları praktik olaraq daha çox elektron xidmətlərdən istifadə etməyə çalışır.

Onlar mənzillərini tərk etmədən, əlavə xərclər çəkmədən, üstəlik, vaxtlarına qənaət edərək bütün işlərini internet üzərindən görmək istəyirlər və buna da çox zaman nail olurlar. Ona görə də Avropa dövlətləri sosial sifarişi nəzərə alaraq “elektron hökumət”in xidmətlərini daha da zənginləşdirmək niyyətindədir. İndi Avropada belə bir deyim var – «Elektron xidmətlər nə qədər çox olarsa, bir o qədər çox vəsait əldə olunar, digər tərəfdən isə bir o qədər az vəsait xərclənər».

İnternetlə xidmətlərin göstərilməsi yalnız Avropa Birliyi ölkələrində deyil, eyni zamanda AB-dən kənarda da həmin xidmətlərdən istifadə edilməsini mümkün edir. Məsələn, Azərbaycandan AB-yə gedən turistlərin böyük bir qismi öz biletlərini məhz Avropada yerləşən internet şirkətləri vasitəsi ilə alırlar. Avropada yaranmış, formalaşmış internet xidmətindən istifadə etməklə Bakıdan Avropa ölkələrinə bilet sifariş vermək mümkündü.

Eyni zamanda digər xidmətlər var ki, onlar da bir sıra işləri həm yüngülləşdirir, həm də köhnə qitəyə vəsaitin daxil olmasına imkan verir. Məsələn, Azərbaycanda otura-otura internet vasitəsi ilə Avropadan müəyyən əmtəələri sifariş vermək və onları almaq da olar. Ona görə də sözsüz ki, internet Avropa Birliyi ölkələrində ən önəmli gəlir mənbələrindən biri hesab olunur.

AB ölkələrində, eləcə də Mərkəzi Şərqi Avropada internet yalnız elektron ticarətin inkişafı baxımından əhəmiyyətli deyil, eyni zamanda internetin üstünlüyü həm də onun proseduraları azaltmasındadır. Bu da təbii ki, biznez mühitinin yaxşılaşmasına şərait yaradır. Buna misal olaraq bildirək ki, Avropa Birliyi ölkələrində hər hansı bir Avropa vətəndaşının bank krediti alması üçün heç də bəzi ölkələrdəki kimi 18 sənəd yığmasına ehtiyac olmur.

Avropa vətəndaşı özünün sosial təhlükəsizlik kodunun nömrəsini internet vasitəsi ilə banka göndərməklə praktik olaraq kredit almaq üçün müraciət etmiş olur. Ona görə də Avropa Birliyi ölkələri üçün internet həm də biznes mühitinin yaxşılaşdırılması, proseduraların sayının azaldılması kimi əhəmiyyətlidir. Bu da olduqca vacib məqamdır ki, internet yalnız Avropa Birliyi ölkələrinin təkcə gəlirlərinin artması baxımından deyil, eyni zamanda məhz iqtisadiyyat üçün əhəmiyyətli olan, investisiya mühitinin yaxşılaşdırılması, proseduraların sayının azaldılması deməkdir.

Ona görə də bu gün elektron əsri olduğu üçün Avropanın birmənalı şəkildə böhrandan çıxmasında elektron xidmətlərin və elektron ticarətin səviyyəsi əhəmiyyətli rola malikdir və təbii ki, bu, AB ölkələrinin iqtisadiyyatının inkişafına birmənalı şəkildə ciddi təsir göstərir. Nəzərə almaq lazımdır ki, bu gün Avropada tətbiq olunan “elektron hökumət” eyni zamanda dövlət xərclərinin azaldılması baxımından əhəmiyyətlidir.

Avropa elektron xidməti tətbiq etməklə, yəni proseduraların sayını azaltmaqla bununla da bürokratik sistemi müəyyən qədər yumşalda bilir. Bürokratik sistemin yumşaldılması dövlət xərclərinin azaldılması  deməkdir. Hansı ki, Avropa Birliyi ölkələrində əsas problemlərdən biri də məhz dövlət xərclərinin çoxluğudur. Əgər Avropa internetin inkişafı ilə bağlı tədbirlərini davam etdirsə, o zaman AB böhrandan gözləniləndən daha qısa bir müddətə çıxmaq imkanlarına malik olacaq.

Azərbaycanda da “elektron hökumət” quruculuğu inkişaf etdirilir. Artıq əksər dövlət orqanları özlərinin çeşidli e-xidmətlərini ictimaiyyətə təqdim edirlər. Bundan başqa, ölkənin hər bir bölgəsinin internetlə təmin olunması bu istiqamətdə görülən işlərə bariz nümunədir. Üstəlik, Azərbaycanın da internetdən əldə olunan gəlirləri əvvəlki illərlə müqayisədə artmaqda davam edir.

Aparılan analizlər göstərir ki, ölkənin internet gəlirləri yüksək templə artır. Təsadüfi deyil ki, bu il aprelin 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunmuş iclasında dövlət başçısı “elektron hökumət” quruculuğunda səylərin daha da artırılmasını və “e-hökumət”in daha da inkişaf etdirilməsini tapşırıb.

Bu baxımdan qeyd olunmalıdır ki, yaxın illərdə Azərbaycanda da internetdən əldə olunan gəlirlər dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Seymur Qasımbəyli





23/04/12    Çap et