Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3 ildə “Aztelekom”un illik gəliri 80 milyon manat artıb


Məhəmməd Məmmədov: "2013-2014-cü illərdə respublikanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı bir milyona çatdırılacaq"
 
Əgər 2004-cü ildə "Aztelekom" İstehsalat Birliyinin illik gəliri 50 milyon manat idisə, artıq 2011-ci ildə qurumun illik gəliri 130 milyon manata çatıb. "İCTnews" Elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı  Respublika Komitəsi (RİMHİRK) Bakı 1 şöbəsinin  "Aztelekom" İstehsalat Birliyində keçirilən III  Konfransında birliyin baş direktoru Məhəmməd Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ötən müddətdə "Aztelekom" qarşıya qoyduğu bütün məqsədlərə nail olub: "2008-ci ildə MDB ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda 5 ailədən artıq əhalisi olan ərazilər də daxil olmaqla, bütün yaşayış məntəqələri tam telefonlaşdırılıb. 2010-cu ildə bütün telefonların rəqəmsal sistemə keçirilməsini qarşıya məqsəd qoyduq və buna da nail olundu. 2010-cu ildə respublika üzrə mövcud olan rabitə vasitələrinin hamısı rəqəmsal sistemə keçib. 2011-ci ildə bütün rayon mərkəzlərinin kabelləşdirilməsini, rəqəmsallaşdırılmasına nail olduq". 2012-ci il üçün "Aztelekom"un fəaliyyət planında əsas hədəf isə elektron ATS-lər olan bütün kəndlərin optik kabel vasitəsilə transmissiyasının təşkilidir: "Tələbatımız artıq klassik telefondan multimedia xidmətlərinə keçməkdədir.

Ona görə də genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi diqqət mərkzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirlən son müşavirədə də genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi, əhalinin bu xidmətlərə olan tələbatının ödənilməsi qarşıya hədəf kimi qoyulub.

Bunun üçün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında da müvafiq tapşırıqlar verildi.

Tapşırıqlara uyğun  olaraq, bu gün kəndlərin optikləşdirilməsi, bütün respublika üzrə genişzolaqlı internetin inkişafı, eləcə də yalnız "Aztelekom" İB-nin şəbəkəsində genişzolaqlı internet istifadəçilərinin sayının 500 minə çatdırılması nəzərdə tutulur. Özəl provayderlərin də bu sahədə çalışdığını nəzərə alsaq, onlarla birlikdə 2013-2014-cü illərdə respublikanın bölgələrində bu sayın bir milyona çatdırılması nəzərdə tutulur.

Bu da artıq hər bir ailəyə genişzolaqlı internet xidmətindən istifadə etmək imkanının yaradılması deməkdir. Ümumiyyətlə, bu vaxta qədər görülən bütün işlər rabitəçilərin əməyi və rabitə və informasiya texnologiyaları sahəsində onlara yaradılan münbit şərait nəticəsində mümkün olub".
             
Daha sonra çıxış edən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov inkişaf edən cəmiyyətimizdə həmkarlar ittifaqı təşkilatlarının rolundan danışaraq, "Aztelekom" İB Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirib.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı  Respublika Komitəsinin Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov isə şöbənin 2005-2012-ci illər ərzində  gördüyü  işlərin hesabatı ilə çıxış edib. Onun sözlərinə görə, kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi, onların mədəni-kütləvi işlərə cəlb edilmələrinə ümumilikdə 94340 manat məbləğində vəsait sərf olunub: "Təftiş komissiyası RİMHİRK Bakı-1 şöbəsində aparılan nağd və qeyri-nağd pul vəsaitlərinin vəziyyətini mütəmadi olaraq yoxlayır və bu barədə öz qərarını verir, bütün əməliyyatlar düzgün aparılıb,  ödənişi təsdiq edən sənədlər var, heç bir neqativ hala yol verilməyib, kənarlaşma olmayıb.

Hesabat dövrü ərzində Bakı-1 şöbəsinin struktur təşkilatlarına 114 ədəd sanatoriya yollayışların 15 faiz qismən dəyəri "Aztelekom" İB tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilib". B.Qurbanov Bakı 1 şöbəsinə hesabat dövrü ərzində 571 ərizənin daxil olduğunu da bildirib: "Bunlardan 185-i Kollektiv Müqavilədən kənar müxtəlif xarakterli maddi yardım ərizəsi, 14-ü mənzillə bağlı ərizə, 8-i ssuda, kredit və s. əlavə yardım alma, 289-u  sanatoriya və pansionatlara yollayışların verilməsi barədə, 75-i  isə müxtəlif məzmunlu ərizələrdir.

Həmkarlar komitəsini həmişə maraqlandıran əsas amillərdən biri də insanların sosial-iqtisadi vəziyyətinin yüksəlməsi, onlara göstərilən qayğı və sağlamlığın mühafizəsidir. "Aztelekom" üzrə hesabat dövrünü əhatə edən dövrdə 2006-cı ilin yanvar ayında -  15%, 2006-cı ilin avqust ayında - 15%, 2007-ci ilin mart - 15%, 2008-ci ilin yanvar ayında -15%, 2008-ci ilin avqust ayında - 15%, 2009-cu ilin yanvar  ayında isə 15 faiz əmək haqqı artımı olub.

Hesabat  dövrü  ərzində bu sosial yönümlü  ödəmələrə ümumilikdə 810725 manat məbləğində  vəsait  sərf olunub". Ötən müddətdə əməyin mühafizəsinə də diqqət artırılıb, iş yerlərində  əmək şəraitinin yüksəlməsi, əməyin təhlükəsizliyini təmin edən profilaktik tədbirlər həyata keçirilib. Birliyin istehsal sahələrində aparılan laborator ölçmələr və müayinələrə görə iş yerlərinin attestasiyası keçirilib, əmək şəraitinin sanitar texniki vəziyyəti haqqında pasport tərtib edilib və s.

Tədbirdə RİMHİRK Bakı-1 şöbəsinin təftiş komissiyasının hesabatı dinlənildikdən sonra Bəylər Qurbanov yekdilliklə yenidən Bakı-1 şöbəsinin sədri seçilib. Bundan başqa, Rəyasət Heyətinin, təftiş komissiyasının və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Konfransına nümayəndənin seçilməsi üçün ayrı-ayrılıqda səsvermə keçirilib.
 
Həqiqət İSABALAYEVA





25/04/12    Çap et