Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Caspian Telecom” şirkəti optik lifli şəbəkəsini genişləndirir
İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində Azərbaycanın ən qabaqcıl şirkətlərindən olan "Caspian Telecom" MMC (CASTEL) özünün fiber-optik texnologiyalara əsaslanan şəbəkəsini genişləndirir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "CASTEL"-in direktor müavini Mahizər Tağıyeva bildirib.
Onun sözlərinə görə, "CASTEL" Bakı şəhərində və Abşeron yarımadasının bütün ərazisində banklara, dövlət qurumlarına və ya özəl şirkətlərə fiber-optik şəbəkə üzərindən müxtəlif İKT xidmətləri göstərə bilir: "2010-cu ildə "Caspian Telecom" şirkəti "Ailə TV" şəbəkəsinin bir qoluna çevrildikdən sonra, "Ailə TV"-nin potensialı ilə "CASTEL"-in potensialı birləşib. Nəticədə "CASTEL" Azərbaycanın ən geniş fiber-optik şəbəkəyə malik şirkətinə çevrilib".
"CASTEL"-in direktor müavini onu da qeyd edib ki, hazırda ölkə ərazisində optik şəbəkənin genişlənməsi istiqamətində işlər aparılır. Şirkət rəsmisi bildirib ki, hazırda ölkənin digər regionlarında şəbəkələr quraşdırılır: "Artıq bir neçə bankın regionlardakı filiallarına fiber-optik şəbəkə üzərindən İKT xidməti göstərilir. Qəbələ, Lənkəran, Bərdə, Yevlax, Sumqayıt, Gəncə, Tovuz, Şəmkir, Masallı və Biləsuvar rayonlarında "CASTEL"-in optik şəbəkəsi mövcuddur".
Tağıyeva, həmçinin onu da qeyd edib ki, şəbəkənin genişlənməsi ilə əlaqədar olaraq, "CASTEL"-in ölkənin regionlarında filiallarının yaradılması da planlaşdırılır. Onun sözlərinə görə, "Caspian Telecom" şirkətinin mütəxəssisləri və rəhbərliyi mütəmadi olaraq, dünyanın müxtəlif ölkələrində keçirilən İKT sərgilərində qonaq qismində iştirak edirlər. Bu cür sərgilərdə iştirakın nəticəsində, ən son texnologiyalar mənimsənilir və şirkətin fəaliyyətində tətbiq olunur.
Xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə mütəmadi olaraq tədbirlərin görüldüyünü xatırladan şirkət rəsmisi əlavə edib ki, 2012-ci ildən etibarən "CASTEL"-in bütün aktiv avadanlıqları ən müasir tələblərə cavab verən "CİSCO" avadanlıqları ilə əvəzlənib.
Qeyd edək ki, 1997-ci ildə təsis olunan "Caspian Telecom" şirkəti 2010-cu ildə "Ailə TV" şəbəkəsinin tərkib hissəsinə çevrilib. Şirkət dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərə, bir sıra dövlət idarələrinə, həmçinin qabaqcıl kommersiya banklarına İKT xidmətləri göstərir. Fiber-optik internet təminatı, fiber-optik xətlər və "Ethernet" şəbəkəsinin quraşdırılması, virtual özəl şəbəkələrin quraşdırılması, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) quraşdırılması, sistemə çıxış və dəstək, videomüşahidə avadanlıqlarının quraşdırılması, şəbəkə təhlükəsizliyi və şəbəkə monitorinqi "CASTEL"-in müştərilərə təklif etdiyi xidmətlərdir.
"CASTEL", eyni zamanda, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) tərəfdaşıdır. Dünyaca məşhur "CİSCO" və "HP" kimi şirkətlər də "CASTEL"-in tərəfdaşlarıdır.
HƏQİQƏT
25/04/12 Çap et