Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rasim Əliquliyev: “Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması onu göstərir ki, Azərbaycanın informasiya cəmiyyəti daha bir addım irəli gedib”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradıldı. Bundan başqa, həmin sərəncama uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”na dəyişikliklər ediləcək.
Dövlət başçısı konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə belə bir qərar verib.
Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Elektron Hökumət üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin layihəsini və Dövlət Agentliyi işçilərinin say tərkibi barədə təkliflərini hazırlayaraq ölkə başçısına təqdim etsin. Eləcə də RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin.
Sözügedən agentliyin yaradılmasına böyük zərurət olduğunu deyən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev «Rabitə dünyası» qəzetinə verdiyi açıqlamasında bildirib ki, belə bir sərəncamın verilməsini Azərbaycan alimləri həm arzulayıb, həm də gözləyib: «Çünki son illərdə, yəni 2004-cü ildən başlayaraq ölkədə “ Elektron Azərbaycan”ın qurulması istiqamətində çox əhəmiyyətli addımlar atıldı. Dövlət başçısı tərəfindən “Elektron Azərbaycan” dövlət proqramının birinci mərhələsi təsdiq olundu, ölkədə qabaqcıl texnologiyalara əsaslanan telekommunikasiya infrastrukturu modernləşdirildi, ATS-lər elektronlaşdırıldı, stasionar telefonların sayı artırıldı.
Ümumiyyətlə, Azərbaycanda telekommunikasiya infrastrukturu tamamilə modernləşdirildi və informasiya cəmiyyəti yeni formasiyaya qədəm qoydu. Bundan sonra, informasiya cəmiyyətinin formalaşması ilə bağlı digər məsələlər də həll olunmağa başladı. Bu gün ölkə başçısı informasiya texnologiyalarının inkişafına diqqət və qayğı göstərir. Ölkədə informasiya texnologiyalarının tətbiqini zəruri edən göstərişlər verir».
“Elektron hökumət” quruculuğunu mürəkkəb proses adlandıran R.Əliquliyev fikrini əsaslandıraraq bildirib ki, bu sistem, dövlətin, cəmiyyətin idarə olunması, yeni mühitin formalaşdırılması üçün əsasdır: «Bu gün “Elektron hökumət”in formalaşması ilə bağlı fəaliyyət proqramı da qəbul edilib. Bununla da daha məsuliyyətli mərhələyə qədəm qoyulub.
Ölkə əhalisinin 50-60 faizdən çoxunun internetlə əhatə olunması, sürətlə həyata keçirilən kompyuterləşmə prosesi, telekommunikasiya imkanlarının artması, insanlarda İKT biliklərinin getdikcə çoxalması, dünyanın qloballaşması, sosial şəbəkələrin genişlənməsi, hakimiyyət qurumlarının fəaliyyətində müxtəlif səpkili İKT layihələrinin həyata keçirilməsi kimi proseslərin hamısı vahid bir mərkəzdən koordinasiyanı zərurət edir. Yeni standartların tətbiqini labüd edir».
“Elektron hökumət”in fəaliyyət prinsiplərinin milli təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasını önə çəkən R.Əliquliyevin qənaətincə, “E-hökumət” sisteminə çoxlu sayda həm daxildən, həm də xaricdən təhlükələr ola bilər: «Zaman-zaman da bunun şahidi oluruq. Hakerlərin hücumları ilə bu və ya digər saytlar dağıdılır.
Ona görə də “Elektron hökumət”in formalaşması prosesinin vahid bir mərkəzdən koordinasiya olunması, onun standartlaşma proseslərinin yüksək səviyyədə həyata keçirilməsi, təhlükəsizlik tərəflərinin gözlənilməsi, eyni zamanda, bu proseslərin elmə dəstək verəcək işlərə yönəldilməsi, kadrların hazırlanması, elektron məmur ordusunun və eləcə də vətəndaşların hazırlanması, yaşa uyğun müxtəlif layihələrin həyata keçirilməsi, informasiya sistemlərinin yüksək səviyyədə qurulması, getdikcə “Elektron hökumət”in cəmiyyətin idarə olunmasında daha şəffaf, daha asan şəkildə istifadə olunmasını zəruri edən xidmətlərin yaradılması sözügedən agentliyə ehtiyacı artırır. Bildiyiniz kimi, “Elektron hökumət”in əsas funksiyalarından biri hakimiyyət tərəfindən insanlara verilən elektron xidmətlərin həm keyfiyyətinin, həm də kəmiyyətinin artırılmasıdır.
Ölkə başçısı da bununla bağlı Nazirlər Kabinetinin son müşavirəsində ciddi tapşırıqlar verib. Ölkəmizdə “Elektron hökumət”in imkanlarının artırılması bu gün dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Məlumdur ki, bu strukturun formalaşması insanların vaxt itkisi olmadan çox rahat evlərindən, ofislərindən, hətta xaricdən belə hakimiyyət orqanları ilə təmasda olmasına şərait yaradır.
Üstəlik, o da sirr deyil ki, “Elektron hökumət”in yaradılması istənilən cəmiyyətdə olduğu kimi, Azərbaycanda da korrupsiya hallarının qarşısının alınmasına, hakimiyyət orqanlarının fəaliyyətinin şəffaflaşdırılmasına, onun səmərəliliyinin artırılmasına, daha mütərəqqi təşəbbüslərin, layihələrin həyata keçirilməsinə zəmin yaradır».
“Elektron hökumət”in yeni bir idarəetmə platforması olduğunu önə çəkən R.Əliquliyevin sözlərinə görə, bununla bağlı beynəlxalq səviyyədə çoxlu standart və konvensiyalar mövcuddur: «Bunları nəzərə alıb reallaşdırmaq, onları araşdırmaq və Azərbaycana uyğun olanını ölkəyə gətirmək, eyni zamanda, Azərbaycanın demokratikləşməsini daha da dərinləşdirmək, insanların bu prosesdə yaxından iştirakını təmin etmək “Elektron hökumət”in qarşısında duran vəzifələrdir. Düşünürəm ki, agentliyə yüksək bacarıqlı kadrlar cəlb olunmalıdır.
Həmin kadrların hakimiyyət orqanları ilə müntəzəm əməkdaşlığı vacibdir. Çünki hakimiyyət orqanlarının əməkdaşlarının hamısı “Elektron hökumət” alətləri üzrə mütəxəssis deyil. Mütəmadi treninqlər keçirmək, yeni layihələr təqdim etmək, beynəlxalq sənədlər və yeniliklər haqqında onları məlumatlandırmaq lazımdır».
R.Əliquliyev onu da əlavə edib ki, “Elektron hökumət” yeni bir hüquqi mühit olduğu üçün onun hüquqi bazasının formalaşdırılmasına, inkişaf etdirilməsinə böyük ehtiyac var: «Azərbaycan qanunvericiliyində bu istiqamətdə müəyyən qanunlar qəbul edilsə də, aparıcı ölkələrin təcrübəsi göstərir ki, bu, hələ də yetərli deyil.
Ona görə də düşünürəm ki, “Elektron hökumət”in normativ-hüquqi bazasının inkişaf etdirilməsinin, inkişaf etmiş ölkələrin bu sahədəki qanunlarının öyrənilməsi, Azərbaycanda onların tətbiq olunması üçün qanunvericiliyin işlənib hazırlanması, bunların hamısı çox böyük zəhmət, intellektual potensial tələb edir.
Güman edirəm ki, Elektron Hökumət üzrə Dövlət Agentliyi, eyni zamanda, ölkənin intellektual qüvvəsinin artırılmasına, elmi-tədqiqat qurğularının inkişaf etdirilməsinə də dəyərli töhfələr verəcək. Əminəm ki, ölkəmizdə dünya təcrübəsinə əsaslanan daha yüksək keyfiyyətlərə malik elektron mühitin yaradılmasında iştirak edəcəyik. Ona görə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında belə bir agentliyin yaradılması məqsədəuyğundur və bu onu göstərir ki, Azərbaycanda informasiya cəmiyyəti daha bir addım irəli gedib».
Seymur Qasımbəyli
27/04/12 Çap et