Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Türkiyə İKT sahəsində əməkdaşlığın gücləndirilməsi üçün İşçi Qrup yaradacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin Elm, sənaye və texnologiya naziri Nihat Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara ölkəmizdə aparılan məqsədyönlü islahatlar, İKT sahəsində həyata keçirilən işlər barədə məlumat verib.
Daha sonra nazir ölkədə qeyri-neft sektoruna dəstək verməklə iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün qarşıya qoyulan hədəflərdən söz açıb: "Azərbaycanda neft-qaz iqtisadiyyatından texnoloji iqtisadiyyata keçirik.
Bu gün bizim iqtisadi inkişafımızın təminatı üçün elmi-texniki yeniliklərə əsaslanan məhsul və xidmətlərin istehsalı, onların xarici bazarlarda rəqabətə davamlılığını təmin etməkdən ötrü böyük həcmli layihələrin həyata keçirilməsi vacibdir.
Bizim əsas məqsədimiz Azərbaycanın potensialından istifadə edərək Türkiyənin bu sahədə qazandığı təcrübədən yararlanmaqla birgə layihələrin həyata keçirilməsidir. Burada da əsas rol özəl sektorun, sahibkarlığın üzərinə düşür".
Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafını mütərəqqi hal kimi dəyərləndirən türkiyəli nazir Nihat Ergün də bu sahədə birgə əməkdaşlığın vacib olduğunu bildirib: "Biz Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycanın müvafiq nazirliyi arasında elm, sənaye və texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi niyyətindəyik".
Bununla bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacib olduğunu deyən N.Ergünün sözlərinə görə, təmsil etdiyi nazirlik Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır: "Nanotexnologiyalar, universitet-sənaye əməkdaşlığının qurulması, texnoloji şirkətlərin yaradılması, bu şirkətlərin dövlət tərəfindən dəstəklənməsi, texnoparkların yaradılması kimi sahələrdə təcrübəmizi paylaşmaqla, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə dəstək vermək istəyirik.
Qazandığımız təcrübəni Azərbaycanla bölüşməklə ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirmək, dərinləşdirmək fikrindəyik. Əminəm ki, apardığımız danışıqlardan çox əhəmiyyətli nəticələr əldə olunacaq".
Daha sonra Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyini noyabr ayında Bakıda keçiriləcək "BakuTel - 2012" beynəlxalq telekommunikasiya sərgisinə dəvət edən Ə.Abbasov türk şirkətlərinin öz xidmət və məhsullarını təqdim edə bilməsi üçün xüsusi pavilyon yaradılacağını vurğulayıb.
Görüşün sonunda hər iki nazirin təklifi ilə Azərbaycan və Türkiyə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi üçün İşçi Qrupun yaradılması qərara alınıb.
HƏQİQƏT
27/04/12 Çap et