Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası”nın II final mərhələsi yekunlaşıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və və İTİ-nin birgə təşkilatçılığı, "Azerfon" və "BestComp Group" şirkətlərinin sponsorluğu ilə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın II final mərhələsi keçirilib.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan final mərhələsində rabitə və informasiya texnologiyaları nazir müavini Elmir Vəlizadə bildirib ki, final mərhələsində 4 ali təhsil müəssisəsindən 12 komanda iştirak edir. Bununla yanaşı, Beynəlxalq İnformatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadənin rəhbərlik etdiyi münsiflər heyətinin qərarına əsasən cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların aktivliyi nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda da dəvət olunub.
E.Vəlizadə qeyd edib ki, olimpiadanın aprelin 15-də Qafqaz Universitetində keçirilən ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib: "Təəssüf ki, 45 komandadan yalnız 12-si finala çıxıb. Amma biz say ardınca qaçmaq niyyətində deyilik. Bəlkə də iştirakçılar üçün bu yarışlara qatılmaq artıq adi hala çevrilib. Amma bu mərhələ daha məsuliyyətlidir".
İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin sözlərinə görə, informatika üzrə beynəlxalq yarışlarda 1994-cü ildən iştirak edən Azərbaycanın bu müsabiqələrdə layiqincə təmsil olunması üçün görülən tədbirlər, məktəblilər arasında keçirilən olimpiadalar kreativ təfəkkürlü yeni nəsil gənclərin yetişdirilməsində mühüm rol oynayır: "Bu kimi tədbirlər yarışlarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq müsabiqələrdə layiqincə təmsil etməsinə geniş imkanlar yaradır".
Beynəlxalq İnformatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadə isə bildirib ki, yarış zamanı hər komandaya 5 saat ərzində 9 məsələni həll etmək tapşırığı verilir.
Məsələlərin həllinin yoxlanması və qiymətləndirilməsi digər olimpiadalardan fərqli olaraq münsiflər heyəti tərəfindən deyil, xüsusi proqram vasitəsilə həyata keçirilir. Proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunur.
Komandalar məsələlərin həllini "Free Pascal", "Borland C++" və "Borland Pascal" kimi proqramlaşdırma dillərindən birində yazır və proqramın mətnini yoxlamaq üçün serverə göndərirlər. Sistem məsələnin həllini dərhal yoxlayır və nəticənin səhv və ya düzgün olması barədə məlumatı serverdən iştirakçının kompyuterinə göndərir.
Beləliklə, 5 saat davam edən finalın qalibləri müəyyənləşib. Ümumilikdə 24 komandanın - 4 ali təhsil müəssisəsindən 12, regionlardan müsabiqədən kənar 9 və orta məktəb şagirdlərindən ibarət 3 komandanın qatıldığı yarışda I yerin qalibi "Qafqaz proqrammers" komandası olub. II yerin qalibi "Norbert", III və IV yerlərin qalibləri isə "Baku Qafqaz U 3" və "Baku Qafqaz U 7" komandaları olublar.
HƏQİQƏT
30/04/12 Çap et