Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə başçısı Sumqayıt Texnologiyalar Parkı ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə yüksəkgərginlikli elektrik avadanlığı zavoduna gəldi. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, zavodda dünyanın ən inkişaf etmiş ölkələrinin texnikası quraşdırılmışdır. Müəssisədə, əsasən Finlandiya, Almaniya və Türkiyənin əymə, lazer kəsmə dəzgahları istismar olunur. Yeni məhsulların sınağı isə ABŞ istehsalı olan xüsusi laboratoriyalarda aparılır.
Qeyd edildi ki, bir neçə sexin fəaliyyət göstərdiyi zavodda yüksəkgərginlikli elektrik, smart-kart tipli sayğac dolabları, 6 və 10 kilovoltluq elektrik avadanlığı istehsal edilir. İstehsal prosesi Fransanın müasirliyi ilə fərqlənən “Schneider Electric” şirkətinin texnologiyasına əsaslanır. Tezliklə müəssisədə 35 və 110 kilovoltluq elektrik avadanlığının və güc transformatorlarının istehsalı da nəzərdə tutulur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, zavodda buraxılan ventilyasiya borularına da respublikamızda və xarici bazarlarda yüksək tələbat vardır. Burada 100 millimetrdən 1250 millimetrə qədər ölçüdə alüminium və ya sinklənmiş polad borular istehsal olunur. İstehsal prosesi mükəmməlliyi ilə seçilir. Günəş kollektorları və istilik qazanlarının istehsalı sexində də ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Təsadüfi deyildir ki, Sumqayıt Texnologiyalar Parkında istehsal prosesi olduqca yüksək standartlara əsaslandığından burada çalışanların əksəriyyətini ali təhsilli və yüksək ixtisaslı kadrlar təşkil edir. Bundan başqa, müəssisələrdə çalışanlar Almaniya, Böyük Britaniya, Yaponiya, Türkiyə və dünyanın ən inkişaf etmiş digər ölkələrində xüsusi kurslarda təcrübə keçirlər. Dövlətimizin başçısına ultrasəs lehimləmə avadanlığı və digər müasir texnikalar nümayiş etdirildi.
Qeyd olundu ki, burada istehsal edilən günəş kollektorları suyu 80-100 dərəcəyə qədər qızdırır. Bu məhsulların daha bir özəlliyi ondan ibarətdir ki, hətta buludlu havada belə günəşin ultrabənövşəyi şüaları 95 faizə qədər səmərəli istifadə olunaraq istilik enerjisinə çevrilir. İstilik qazanları da paslanmaya və korroziyaya davamlı olmaqla yanaşı, bütün gigiyenik normalara cavab verir. Prezident İlham Əliyevə əyani olaraq Sumqayıt Texnologiyalar Parkının ərazisində quraşdırılan günəş kollektorları və istilik qazanlarının imkanları nümayiş etdirildi.
Sonra avtobusla zavodun ərazisini gəzən dövlətimizin başçısına buradakı digər müəssisələr və perspektiv layihələr barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, artıq Sumqayıt Texnologiyalar Parkının rəqabətə davamlı və müxtəlif çeşidli məhsulları bir sıra beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. Yerli bazarla yanaşı, dünya bazarlarında da bu məhsullara tələbat durmadan artır. Daha sonra Prezident İlham Əliyev qaynar sinkləmə zavodu ilə tanış oldu. Məlumat verildi ki, bu zavod respublikamızda, eləcə də regionda analoqu olmayan bir istehsal müəssisəsidir. İldə 40 min ton məhsul istehsal edilən zavodda tətbiq olunmuş texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Mərhələli şəkildə reallaşdırılan istehsal prosesi avtomatik qaydada, nüsxə-tapşırıq proqramı ilə yerinə yetirilir. Sinkləmə sobasının məhsuldarlığı saatda 20 tondur. Ən qabaqcıl texnologiyaların tətbiqi məhsulun yüksək keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət yaradır. Belə ki, qaynar sinkləmə nəticəsində metal və ya poladın üzərində 60-100 mikronluq sink təbəqəsi əmələ gəlir və bu da həmin konstruksiyaların ömrünün ən azı 100 ilə qədər uzanması deməkdir.
Qeyd edildi ki, Sumqayıt Texnologiyalar Parkında metal və ya poladın ilk dəfə sinklənməsi ilə yanaşı, təkrar sinkləmə əməliyyatları da aparılır. Sumqayıt Texnologiyalar Parkındakı yeni müəssisələrin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.
08/07/11 Çap et