Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə başçısı gənclər haqqında Dövlət Proqramı təsdiq
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Proqramın giriş hissəsində deyilir: “Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.
Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir.
Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır”.
08/07/11 Çap et