Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BDU ilə AMEA nanotexnologiya ilə bağlı razılığa gəliblər
Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.
O bildirib ki, memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov imzalayıblar. BDU-nun rektoru, akademik Abel Məhərrəmov memorandumun əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor dünyada enerji ölkəsi kimi tanınan Azərbaycanın yaxın gələcəkdə nüvə ölkəsi olması istiqamətində atılan addımlardan da söz açıb. Bu baxımdan imzalanacaq memorandumun xüsusi rolu olduğunu qeyd edib.
AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun fəaliyyətindən, MAQATE ilə işbirliyindən danışıb. O, memorandumun kağız üzərində qalmayacağını və BDU-nun potensialından yararlanaraq daha mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, imzalanmış memorandumla tərəflər «Nüvə fizikası və texnologiyası, radiasiya materialşünaslığı, radiasiya kimyası, nüvə və radiasiya təhlükəsizliyi, nanotexnologiya, radioekologiya, radiobiologiya və qarşılıqlı maraq doğuran digər innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak; Elmi-tədqiqat və kadr hazırlığı sahəsində Bakı Dövlət Universiteti və AMEA-nın Radiasiya Problemləri İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə; elmi işçilərin, doktorant və tələbələrin müvafiq fakültələrdə, kafedralarda və elmi-tədqiqat laboratoriyalarında təcrübə və staj keçməsinin təşkili; Yeni texnika və texnologiyaların mübadiləsi; Birgə elmi simpozium, seminar və konfransların təşkili; Qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə və proqramlarda birgə iştirak; Müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması» kimi prinsiplər üzrə razılığa gəliblər.
SEYMUR
01/05/12 Çap et