“Elektron təhsil” Respublika müsabiqəsində 396 layihə iştirak edir
Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron təhsil” Respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb. “Elektron təhsil resursları” istiqaməti üzrə 252, “Təhsildə internet texnologiyaları” istiqaməti üzrə isə 32 layihə müsabiqədə artıq iştirak edir. Müsabiqənin I mərhələsində qəbul edilməyən resursların sayı 99-dur. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən qeyd edilib ki, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “AZEDUNET”, “Ultra”, “HP”, “Mədəd” təşkilatları və “Nar Mobile” tərəfindən dəstəklənir.
Müsabiqənin rəsmi internet səhifəsi “www.musabiqe.edu.az” ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləşdirib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib. Belə ki, müsabiqənin rəsmi internet səhifəsində (
www.musabiqe.edu.az ) 2227 müəllim, 634 tələbə, 1610 şagird, 150 valideyn qeydiyyatdan keçib.
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abuşovun sözlərinə görə, 2012-ci ildə təqdim olunan layihələr digər illərlə müqayisədə daha peşəkar təsir bağışlayır. Fikir mübadiləsi aparmaq istəyənlərin sayının 4 min nəfərdən çox olması müsabiqəyə olan marağı təsdiqləyir və Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin davamlı olaraq genişləndiyini göstərir.
Qeyd edək ki, müsabiqə “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.
“Təhsildə internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “təhsildə internet resursları” və “müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.
Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron təhsil” Respublika müsabiqəsində iştirak edən “ən aktiv region məktəbi” nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb seçiləcək. İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olan Münsiflər Heyəti aparacaq. Layihələrin qəbulu mayın 15-də başa çatır.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Mərkəzdən bildirilib ki, müsabiqə artıq üçüncü ildir ki, keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə iştirak edib.
HƏQİQƏT