Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” itən poçt göndərişlərini axtarır
“Azərpoçt” MMC tərəfindən beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi ilə əlaqədar vətəndaşlardan daxil olan ərizələr əsasında müxtəlif xarici poçt xidmətlərinə 157 ədəd fiziki Reklamasiya göndərilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə müəssisədən məlumat verilib.
Öz növbəsində ayrı-ayrı xarici ölkələrdən “Azərpoçt” MMC-yə oxşar sorğularla 123 ədəd müraciət daxil olub. Beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi ilə cari ildə xaricdən daxil olan 363 ədəd və müxtəlif xarici ölkələrə göndərilən 382 ədəd beynəlxalq bağlamaların axtarışına dair sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.
“Azərpoçt” MMC bu sistem vasitəsi ilə hal-hazırda dünyanın 142 ölkəsi ilə əməkdaşlıq edir. Sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sisteminin tutumu məhdud olduğu üçün hələlik yalnız 30 ölkə - İngiltərə, İsveçrə, ABŞ, Almaniya, Finlandiya, Honq-Konq, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Sinqapur, Xorvatiya, İspaniya, İsveç, Niderland, Yunanıstan, Çexiya, Pakistan, Misir, Estoniya, İordaniya, Slovakiya, Danimarka, Cənubi Afrika, Malta, Moldova, Fransa, Belorus, Kanada, İran və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edilir. “Azərpoçt” MMC bundan başqa dünyanın 66 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. Bu sistem vasitəsilə il ərzində sifarişli göndərişlər üzrə çıxan sorğuların sayı 169 ədəd, daxil olanların sayı isə 157 ədəd təşkil edib.
Qeyd edək ki, 2008-ci ildən etibarən ÜPİ-nin təşkil etdiyi beynəlxalq sadə məktub korrespondensiyasına elektron vasitələrlə daimi nəzarət və RSS-nin mərhələli nəzarət tədbirlərində “Azərpoçt” MMC-nin iştirakı təmin olunub. Bu tədbirdə Azərbaycanın 2012-ci ildə də iştirak etməsi təmin edilmişdir. 2012-ci ilin I rübündə 150 ədəd xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edilərək ölkədaxili məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.
RƏVAN
02/05/12 Çap et