Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlilliyin müəyyən edilməsi üçün müraciətlərin qəbulu elektron qaydada aparılacaq


Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə 11 növ elektron xidmət növünün tam tətbiqi istiqamətində müvafiq işlər aparılır.

 Nazirlikdə müvafiq strukturların rəhbər şəxslərinin iştirakı ilə əhaliyə göstəriləcək elektron xidmətlərdən biri olan «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətinin ilkin versiyasının təqdimatı olub.

“İCTnews ” elektron xəbər xidmətinin məlumatına görə,  tədbiri giriş sözü ilə açan ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov sözügedən elektron xidmət növünün əhatə etdiyi xidmət sahələri, həmin xidmətlərlə təmin olunmaq üçün tələb olunan və skan edilmiş formada elektron qaydada göndərilməli olan sənədlər barədə məlumat verib.

Qeyd olunub ki, bu elektron xidmətin tətbiqi vətəndaşlarla tibbi-sosial ekspert komissiyalarının əməkdaşları arasında  birbaşa  ünsiyyətin minimuma endirilməsi və əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bununla, eyni zamanda, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq imkanları daha da genişləndiriləcək.

Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, o cümlədən Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə icra etdiyi «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib. Sonra «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu» e-xidmətin ilkin versiyası ilə bağlı rəy və təkliflər bildirilib. 

SEYMUR





02/05/12    Çap et