Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TQDK Təhsil Nazirliyindən buraxılış sinifləri ilə bağlı bazanın qəbulunu elektron imza ilə təsdiqləyəcək
Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığı və eləcə də buraxılış sinifləri ilə bağlı elektron məlumat bazasını artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təhvil verib.
"İCTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin TİMS (təhsilin idarəolunmasının məlumat sistemi) şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə, bazanın təhvil verilməsi ilə bağlı gündəlik iş aparılır: "Baza tam şəkildə verilib. Sadəcə, bu, çox böyük baza olduğundan ortaya çıxan bəzi incə məsələlərin, xüsusən də qaçqın rayonlarla bağlı məlumatların dəqiqləşdirilməsi və yekunlaşması ilə bağlı işlər həyata keçirilir.
Bazanın təhvilində son variant elektron imza ilə təsdiq ediləcək və TQDK bazanı bu imza ilə qəbul edəcək. Amma istənilən halda Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin bütün sinifləri ilə bağlı məlumat olmalıdır.
Ona görə də buraxılış siniflərinin məlumat bazasının TQDK-ya verilməsinə baxmayaraq, nazirlikdə ümumtəhsil məktəbləri ilə bağlı bütün məlumatların toplanması mütəmadi olaraq həyata keçiriləcək. Bundan sonra TQDK tərəfindən buraxılış sinifləri ilə bağlı ayrıca baza məlumatlarının işlənəcəyi, yoxsa komissiyanın bu məlumatları yenə də Təhsil Nazirliyi tərəfindən toplanılan bazadan alacağı isə hələlik müəyyən deyil".
Qeyd edək ki, təhvil işlərinin təmin edilməsi respublika prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanına əsasən həyata keçirilir. Belə ki, sözügedən fərmanla "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə dəyişikliklər edilib.
Bundan sonra, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi TQDK-ya həvalə olunur. Eyni zamanda, TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək.
HƏQİQƏT
03/05/12 Çap et