Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Səlahiyyət müddəti başa çatmış və ölkəmizdə missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.
Azərbaycan tərəfinə milli peykin orbitə çıxarılmasında Fransanın "ArianeSpace" peyk şirkəti ilə əməkdaşlığından məmnunluğunu da ifadə edən Keller bu başlanğıcın müvafiq sahədə davamlı olacağını bildirməklə yanaşı, əməkdaşlığı növbəti illərdə ölkəmizdə qurulan telekommunikasiya sahəsində, eləcə də kosmik sənayenin formalaşması istiqamətində Fransanın Azərbaycana verə biləcəyi töhfə kimi qiymətləndirib.
Nazir Əli Abbasov da səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında qurulan əməkdaşlığın gələcəkdə növbəti inkişaf mərhələsinə qədəm qoyacağını vurğulayıb. Hazırda fransız şirkətləri ilə əməkdaşlıq və birgə fəaliyyətin uğurla davam etdirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, qarşıdakı illər ərzində də müxtəlif istiqamətlərdə fəaliyyət zamanı Fransa təcrübəsindən istifadə edilə bilər.
Görüşdə nazir Əli Abbasovun Fransa səfəri, eləcə də birinci Azərbaycan-Fransa İKT Forumu da xatırlanıb.
Görüşün sonunda nazir Əli Abbasov səfirə gələcək fəaliyyətində uğurlar diləyib.
03/05/12 Çap et