Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision 2012”-ni işıqlandıracaq jurnalistlər üçün 500 kompyuter quraşdırılacaq
Avropa Yayımları Birliyi (EBU) Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsini işıqlandıracaq jurnalistlərin çalışacağı Mətbuat Mərkəzi (MM) ilə bağlı məlumat yayıb. "İCTnews " elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, “Baku Crystal Hall”ın yanında inşa olunan MM-nin sahəsi 5000 kv.m təşkil edir.
Mərkəz öz işinə mayın 12-də başlayacaq. İş zonası eyni zamanda 900 jurnalistin işi üçün nəzərdə tutulub. Burada 500 kompyuter və 400 natamam iş yerləri mövcuddur. Bütün kompyuterlər yüksəksürətli internetə çıxışa malikdir və printerə qoşulub.
Bütün zona televiziya ekranı ilə təchiz olunacaq və bununla da mətbuat nümayəndələri məşqləri, mətbuat konfranslarını və şounu izləyə biləcəklər.
Mərkəzdə 500 nəfərlik konfrans zalı yerləşir, burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı olacaq. Radio müxbirləri üçün isə saundboks ilə işləmək imkanı yaradılıb.
Zona mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar, qalibin mətbuat konfransı üçün nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi, nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçə bilərlər. Bu ya təkbətək müsahibə, ya da pərəstişkarlarla görüş ola bilər. İkinci məşqdən sonra bütün ölkələr mətbuat konfransı keçirəcəklər.
SEYMUR
04/05/12 Çap et