Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Erası 2” müsabiqəsinin yekunlarına dair tədbir keçiriləcək


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən olan “Hackathon Azərbaycan”ın “Android Erası 2” müsabiqəsi yekunlaşmaq üzrədir. Mayın 6-da saat 11:30-da Qafqaz Universitetində müsabiqənin yekunlarına dair tədbir keçiriləcək.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə layihə əməkdaşları məlumat verib. Mənbədən bildirilib ki, 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub.

Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb: ”Müsabiqənin yekunlarına həsr olunacaq tədbirdə yarışma ərzində hazırlanan tətbiqlər, yarışmanın gedişatı barədə məlumatlar veriləcək.

Bundan əlavə, müsabiqənin baş sponsoru “Samsung” tərəfindən xüsusi olaraq həyata keçirilən, bütün “Android” həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCup” mövzusunda yazılan ən yaxşı proqram müəllifləri də mükafatlandırılacaq.

Qeyd olunan mövzularda proqramçılar tərəfindən 6 tətbiq təqdim olunub. Media nümayəndələri və İKT sahəsində tanınan nüfuzlu şirkət rəsmilərinin qatılacağı mərasimdə “Android” platforması üçün yazılan proqramların qalibləri elan olunacaq”.

Qeyd edək ki, “Android Erası 2” yarışması “Samsung”un baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqənin təşkilati dəstəkçiləri “Baku Google Technology User Group” və “İlk addımlar” layihəsidir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Belə ki, I yer “Samsung Galaxy Note”, II yer “Samsung Galaxy Nexus”, III yer isə “Samsung Galaxy S II” ilə mükafatlandırılacaqlar. Bununla yanaşı, müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq “Eurovision” və “EuroCup”  qaliblərinə “Samsung Galaxy Tab 10.1” hədiyyə ediləcək.
 
HƏQİQƏT





04/05/12    Çap et