Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ali təhsil müəssisələrində «Onlayn jurnalistika fənni»nin tədrisi təklif olunur
Multimedia Mərkəzi ölkədə jurnalistika təhsili verən universitetlərdə tədrisi nəzərdə tutulan 4 yeni media fənninin tədris proqramlarının layihələrini hazırlayıb. Bu gün layihə ilə bağlı “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz tədbirin məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin “Yeni medianın yeni tədris modulları” mövzusunda təqdimatla çıxış edib.
Ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədrisi ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında universitetlərdə tədrisi nəzərdə tutulan Yeni media fənlərinin modullarının hazırlandığını bildirən O.Gündüz sözügedən modulların «Yeni mediaya giriş fənni», «Onlayn jurnalistika fənni», «Multimedia jurnalistika fənni», «Sosial media fənni» olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: «Yeni medianın tədris modulları hazırlanarkən beynəlxalq standartlar öyrənilib, ölkənin yeni media bazarında peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə Yeni medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar hazırlanarkən, həmçinin ali təhsil müəssisələrində təhsil prosesinin təşkilində mövcud standartlar da nəzərə alınıb.
Bu fənlərin həm fundamental, həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur. Fənn modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, ölkənin Yeni media bazarının konkret sahələri üzrə (İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik sektoru) kadrlara verilən tələblər də nəzərə alınıb».
Tədbirdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AMEA İTİ-nin şöbə müdiri Rasim Mahmudov, Slavyan Universitetinin kafedra müdiri Aynur Bəşirli və müəllimi Xanım Cavadova, Yeni media mütəxəssisi Azər Nəzərov, İREX-in rəhbəri Angela Nicoara və əməkdaşı Ələsgər Məmmədli, Azərbaycan Universitetinin müəllimi Jalə Dilanova, Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla Şirəliyeva, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev, “Onlayn” xəbər qurumunun inzibatçısı Samir İsayev, “Day.az Radio”nun direktoru Zaur Darabzadə və digərləri mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Yeni medianın tədris modullarının mühüm əhəmiyyət kəsb etməsi və vacibliyi qeyd edilib. Jurnalistika təhsili verən universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar diqqətə çatdırılıb. Müzakirələrdə Modulların təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Eyni zamanda Yeni medianın tədrisi üçün dərs saatlarının mümkün qədər az olması, lakin keyfiyyətinin artırılması təklifləri verilib.
Sonda modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər nəzərə alınmaqla yenidən işlənərək universitetlərə təqdim ediləcəyi bildirilib.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin 9 universitetə Onlayn laboratoriyalar təqdim olunub, bununla bağlı təlimlər keçirilib. Artıq BDU-da “İnternet Studiya”nın yaradılması başa çatmaq üzrədir. Həmçinin, Yeni medianın tədrisi ilə məşğul olanlara metodiki-informasiya dəstəyi üçün onlayn resurs hazırlanır.
SEYMUR
04/05/12 Çap et